“Verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik”

“Verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik” Xəbər verdiyimiz kimi, martın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.
"Prezident Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatır. Tam əminliklə demək olar ki, səfər çox uğurlu keçib və səfərin çox gözəl nəticələri vardır.
Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar.
Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik.
Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı.
Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir.
Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə yaxşı gəlir gətirəcəkdir.
Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq.
Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir.
Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq".

Tehsil-press.az

Oxşar xəbərlər