Əcnəbi vətəndaşlar 2 dəqiqəyə viza ala biləcəklər

Əcnəbi vətəndaşlar 2 dəqiqəyə viza ala biləcəklər Bu gündən etibarən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.
Artıq hava limanında ilk viza almış əcnəbilərə simvolik olaraq hədiyyələr təqdim olunub. ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək. Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş passportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.
ASAN Viza portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı, 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.
Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər