Şagirdlərimizin 2 elmi layihəsi ABŞ-da xüsusi mükafat qazandı

Şagirdlərimizin 2 elmi layihəsi ABŞ-da xüsusi mükafat qazandı 13-18 may 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib.
Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb. Azərbaycanı bu nüfuzlu müsabiqədə cari ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri - akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatov fizika-astronomiya bölməsi üzrə, Cavid Hüseynzadə və Ceyla Hüseynzadə kompüter elmləri, Fidan İbrahimova biologiya, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması bölmələri üzrə layihələrlə təmsil ediblər.
Layihələrdən ikisi - akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər