Sumqayıt təhsilnin 2017-ci il ərzində nailiyyətləri

Sumqayıt təhsilnin 2017-ci il ərzində nailiyyətləri Ənənəvi olaraq hər il Sumqayıt təhsili, pedaqoji kollektivlərimiz, istedadlı şagirdlərimiz bir sıra beynəlxalq və respublika əhəmiyyətli yarış və müsabiqələrdə qazandıqları uğurlar, əldə etdikləri nailiyyətlərlə yadda qalırlar. Pedaqoji kollektivlərimizin gərgin və fədakar əməyi nəticəsində 2017-ci ildə təhsil sahəsində uğur və nailiyyətlərimiz əvvəlki illərə nisbətən daha da artmışdır.
Bununla əlaqədar ilk növbədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən V-VI sinif şagirdləri arasında keçirilən riyaziyyat, fizika, kimya və biologiya fənlərindən fənn müsabiqəsini xüsusi olaraq qeyd etmək lazımdır. Bu müsabiqənin iyun ayında keçirilən Respublika final mərhələsində ümumtəhsil məktəblərimizi təmsil edən 15 şagird mükafata layiq yerlər tutmuş, şəhərimiz isə komanda hesabında bütün bölgələri geridə qoyaraq Respublikada birinci yeri tutmuşdur.
İstedadlı şagirdlərimizin aşkara çıxarılması sahəsində ən əhəmiyyətli bilik yarışması hesab edilən Respublika fənn olimpiadalarının final turunda ümumtəhsil məktəblərimizin 21 nəfər şagirdi qalib olmuşdur. Onlardan 2 nəfər olimpiadanın qızıl, 6 nəfər gümüş, 13 nəfər bürünc medalını qazanmışdır ki, bu da Respublikanın digər şəhər və rayonları arasında ən yüksək nəticədir.
İndoneziyanın Bali şəhərində keçirilən və dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi yeniyetmələrin 13-cü Beynəlxalq Elm olimpiadası (İJSO) olimpiadasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova, “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə ölkəmizi uğurla təmsil edərək, bu mötəbər bilik yarışının bürünc medallarını qazanmışdır.
15-17 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” VI Respublika müsabiqəsi keçirilmiş, müsabiqənin yekunlarına əsasən şəhərin ümumtəhsil məktəblərindən 6 nəfər IX-XI sinif şagirdi 4 nominasiya üzrə qalib adına layiq görülmüşdür.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin Respublika final turunun nəticələrinə əsasən “İstedad” liseyinin X sinif şagirdi Ümid Cabbarlı I yerə və 1 nömrəli məktəbin VIII sinif şagirdi Aydan Əzizova həvəsləndirici yerə layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində şəhərimizi uğurla təmsil etmiş 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qönçə Abbasova III yerə və Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Aytac Əliyeva isə IV yerə layiq görülmüşdür.
İyun ayında Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində Respublikanın şəhər və rayonlarını əhatə edən növbəti, sayca 15-ci “Vergilər uşaqların gözü ilə” rəsm və inşa müsabiqəsinin yekun mərhələsi keçirilmişdir. Respublikanın müxtəlif şəhər və rayonlarında yüzlərlə məktəblinin qatıldığı bu müsabiqədə şəhərimizin 11 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Vəfa Niftəliyeva II yeri tutmuşdur.
Azərbaycan Uşaqlarının IV Forumu çərçivəsində keçirilən bilik yarışmasında iştirak etmiş Sumqayıt şəhərinin Təbiət elmləri təmayüllü gimnaziya, Texniki və təbiət elmləri liseyi, 11 və 31 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərindən ibarət komandası Respublka Final turunda yüksək nəticə göstərərək yarışmanın qalibi olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı VI Ümumrespublika yarışının Qəbələ rayonunda keçirilən final mərhələsində şəhərimizin 43 nömrəli tam orta məktəbinin komandası uğurla iştitak edərək III yeri tutmuş və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri “Ən yaxşı yazı” müsabiqəsində şəhərimizn ümumtəhsil məktəblərindən olan müəllim və təhsil işçiləri xüsusilə fəal iştirak etmiş, 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elmira Allahverdiyeva həvəsləndirici mükafata layiq görülmüşdür.
Ötən dərs ilində Sumqayıt Dövlət Universiteti ilə əlaqələrimiz daha da inkişaf etdirilmiş, şagirdlərimizin təhsilə, elmə marağının daha da yüksəldilməsi, istedadlı gənclərimizin aşkara edilməsi və onların inkişafı istiqamətində IV, VIII, IX-XI sinif şagirdləri üçün kimya, biologiya, riyaziyyat və Azərbaycan tarixi fənlərindən bir sıra kütləvi bilik yarışıları və olimpiadalar təşkil edilmişdir. Müxtəlif siniflər üzrə yüzlərlə şəhər məktəblisinin qatıldığı bu olimpiadaların qalibləri Universitetin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsi” çərçivəsində müxtəlif nominasiyalar üzrə Sumqayıt şəhəri 25 nömrəli məktəb, həmçinin 1 nömrəli tam orta məktəbin müəllimləri Aliyə Əhmədova və Aidə Ələkbərova, Texniki və təbiət elmləri liseyinin fizika müəllimi Gülnarə Vəlixanlı, 34 nömrəli tam orta məktəbin psixoloqu Sevda Mustafayeva qalib olmuşdur.
Dövlət İmtahan Mərkəzindən verilən rəsmi açıqlamaya əsasən 2017-ci ildə Sumqayıt məktəblərinin məzunları həm buraxılış, həm də qəbul imtahanlarında Respublika üzrə ən yüksək nəticəni göstərmiş və bir çox göstəricilər üzrə bütün rayonları qabaqlamışdır.
2016-2017-ci dərs ilinin sonunda şəhər üzrə 2600 nəfər XI sinif şagirdi buraxılış imtahanında iştirak etmişdir. Onlardan 2234 nəfəri hər üç imtahan fənnindən müsbət qiymət ala bilmişdir ki, bu da şəhər üzrə müvəffəqiyyət fazinin təxminən 86% olması deməkdir. Ötən illə müqayisədə müvəffəqiyyət faizi 82%-dən 86%-ə qalxmışdır ki, bu da çox böyük müsbət dinamikadır.
Ali məktəblərin I-IV ixtisas qruplarına sənəd verən abituriyentlərin təxminən 69%-i tələbə adını qazana bilmişdir. Bu ötən il şəhər üzrə qəbul faizi ilə müqayisədə xeyli yüksək olması ilə yanaşı, respublika üzrə də ən yüksək göstəricidir.
Qəbul imtahanları zamanı digər keyfiyyət göstəricilərinin də əvvəlki illərə nisbətən yüksəlməsi müşahidə edilmişdir. Belə ki, şəhər üzrə abituriyentlərin topladıqları orta bal 345,4 bal təşkil etmişdir. Bu şəhərin ötən ilki analoji göstəricisi ilə müqayisədə 55,6 bal və ya 19% çoxdur.
Qəbul imtahanlarında iştirak edən məzunların 411 nəfər, yəni məzunların 22%-i 500-dən, o cümlədən 167 nəfər (2 nəfər “İdrak” liseyi), yəni abituriyentlərin təxminən 9%-i 600-dən yuxarı bal toplaya bilmişdir.
Həmçinin onu da qeyd etmək lazımdır ki, son dörd ildə yalnız bu il bir məzunumuz – Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev qəbul imtahanında maksimum nəticə göstərərək 700 bal toplaya bilmişdir.
Təhsil nazirinin 27.01.2010-cu il tarixli, 83 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən Tam orta təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 6 məzunumuz məktəbi qızıl medalla, 169 məzunumuz isə (IX və XI birlikdə) fərqlənmə attestatı ilə bitirmişdir. Onlar hamısı qəbul imtahanlarında öz nəticələrini yüksək balla doğrultmuşlar.
Şəhər İcra Hakimiyyətinin Başçısı çox hörmətli Zakir müəllimin tapşırıq və tövsiyələri, eləcə də yaxından dəstəyi ilə bütün məktəblərdə tədris ili başa çatan kimi cari təmir işləri aparılmışdır. Eləcə də cənab Başçının tapşırığı ilə bir sıra məktəblərin həyətinə asfalt örtük salınmış, istilik sistemləri təmir edilmiş, 34 və 39 nömrəli məktəblərdə isə sistem yenidən qurulmuş, həmçinin 24 nömrəli məktəbin dam örtüyü təmir işləri aparılmışdır.

Nizami Namazov,
Sumqayıt şəhər təhsil idarəsinin rəisi

Oxşar xəbərlər