Azərbaycan alimləri İtaliyada keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər

Azərbaycan alimləri İtaliyada keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər İtaliyanın Matera şəhərində “Yokoku 2018: Mədəni irs sahəsində dialoqlar” mövzusunda VI Beynəlxalq Yokoku konfransı keçirilib.
Konfransı Mədəni İrsin Konservasiyasında Gənclər - Yokoku Beynəlxalq Assosiasiyası, İtaliya Milli Tədqiqatlar Şurası Arxeologiya və Abidələr İnstitutu, Bazilikata Universiteti və Kalabriya Universiteti təşkil edib. Dünyanın 25 ölkəsindən 300 alim və tədqiqatçının iştirak etdiyi konfransda müxtəlif bölmələrdə məruzələr dinlənilib.
Konfransda ölkəmizin universitet və institutlarından 13 alim və tədqiqatçı iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev “Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar”, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, professor Kübra Əliyeva “Azərbaycanın maddi mədəniyyət nümunələrindən olan qədim sənətkarlıq əşyası - Çətən”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev “Azərbaycanda arxeoloji tədqiqatların son nəticələri”, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov “Azərbaycan Xalq Cümhuriyyəti və ədəbiyyat, incəsənət və ictimai-siyasi institutların fəaliyyətinə yaradılmış şərait”, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Mədəni irs və məktəblilər: 2017-ci ilin yeni layihələri”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli və Səbinə Əzizova “Azərbaycanın epiqrafik abidələrinin bərpasında italyan mütəxəssislərin rolu”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kiçik elmi işçisi Şəhla Xəlilli “Əlyazmadakı naxış - Təzhib” mövzularında məruzə ediblər.
Sonra iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər