Beynəlxalq konfransda Azərbaycanda aparılan arxeoloji araşdırmalardan bəhs edilib

Beynəlxalq konfransda Azərbaycanda aparılan arxeoloji araşdırmalardan bəhs edilib Bolqarıstanın Blaqoevqrad şəhərində Neofit Rilski adına Cənub-Qərb Universitetində keçirilən beynəlxalq elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərovun “Müasir elmin formalaşmasında təcrübənin rolu” mövzusunda məruzə ilə çıxış edib.
V.Ələkbərov arxeoloji tədqiqatlara əsaslanaraq müasir elmin meydana gəlməsində qədim cəmiyyətlərin rolundan bəhs edib. Alim müxtəlif sahələrdə elmin ilkin rüşeymlərinin formalaşmasının məhz erkən əkinçilik mədəniyyəti ilə bağlı olmasının arxeoloji dəlillərlə sübut edildiyini əsaslandırıb, həmçinin XX əsrdə ölkəmizdə aparılan arxeoloji araşdırmalardan söz açıb. O, son on ildə aparılan müasir elmin tələblərinə tam cavab verən beynəlxalq arxeoloji tədqiqatların regionun paleolit, mezolit, neolit və tunc dövrü mədəniyyətlərinin öyrənilməsində yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Məruzəçi Azərbaycanın Tovuz rayonunda və Qarabağ bölgəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun dünyanın bir sıra qabaqcıl elmi müəssisələri ilə birlikdə həyata keçirdiyi beynəlxalq arxeoloji araşdırmalar haqqında da konfrans iştirakçılarına məlumat verib.
Qeyd edək ki, konfrans Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” layihəsi çərçivəsində təşkil olunub. Tədbirdə Bolqarıstan, Azərbaycan, Gürcüstan, Moldova, Makedoniya, Avstriya, Rumıniya, Çexiya və Yunanıstandan alimlər iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər