Bakı Ali Neft Məktəbi Koreyanın “HMC” şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Bakı Ali Neft Məktəbi Koreyanın “HMC” şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb Bakı Ali Neft Məktəbində (BANM) Koreyanın “HMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Hong Sung Hun, “HMC” şirkətinin prezidenti Park Hak-Joo, vitse-prezidenti Park Gabju, həmçinin Koreyanın Kyungsung Universitetinin elektronika mühəndisliyi fakültəsinin dekanı Yoon Byung və professor Park Jangsik iştirak ediblər.
Rektor Elmar Qasımov bu ali məktəbə maraq göstərdiyinə görə “HMC” şirkətinin rəhbərliyinə təşəkkürünü bildirib. Rektor BANM-in yeni tədris ilindən informasiya təhlükəsizliyi mühəndisliyi ixtisasını, növbəti illər isə elektrik və elektronika mühəndisliyi ixtisasını açmağı planlaşdırdığını qeyd edib, bu istiqamətdə “HMC” şirkəti ilə proqram təminatının, Kyungsung Universiteti ilə müəllim mübadiləsinin, ikili diplom layihələrinin mümkünlüyündən söhbət açıb. Hazırda BANM-də Heriot-Vatt Universitetinin tədris proqramlarının tətbiq edildiyini söyləyən rektor açılması planlaşdırılan ixtisaslar üçün də Kyongsung Universiteti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.
“HMC” şirkətinin prezidenti Park Hak–Joo Azərbaycana dəvət olunduqları üçün E.Qasımova təşəkkür edib, BANM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Daha sonra Kyungsung Universitetinin dekanı Yoon Byung “HMC” şirkəti, Kyungsung Universiteti və onun BANM ilə iki il ərzində nəzərdə tutduğu işlər barədə təqdimatla çıxış edib.
Danışıqlardan sonra tərəflər arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Məqsəd BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodik və təşkilati tədbirlərin həyata keçirilməsidir.
Memorandumun şərtlərinə görə, “HMC” şirkəti BANM-də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında mütəxəssis hazırlığına dəstək verməyi, tələbələrin bir qisminin şirkətin Azərbaycanda və xaricdə fəaliyyət göstərən strukturlarında istehsalat təcrübəsi keçməsi üçün şərait yaratmağı, şirkətin mütəxəssislərinin tələbələr üçün mühazirələr (distant və bilavasitə) oxuması və müəllim kimi tədris prosesinə cəlb olunmasının təşkilini üzərinə götürür.
Qeyd edək ki, bir müddət əvvəl BANM-in mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov “HMC” şirkətinin və Kyungsung Universitetinin dəvəti ilə Koreya Respublikasında işgüzar səfərdə olublar.
“HMC" şirkətinin fəaliyyət sahəsinə İT xidmətlər, təhlükəsizlik və müşahidə sistemləri, həmçinin həllərin fiziki şəxslərə və şirkətlərə inteqrasiyası aiddir.

Hikmət Əliyev


Bakı Ali Neft Məktəbi Koreyanın “HMC” şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Oxşar xəbərlər