Bakı Ali Neft Məktəbinin tələbələri İsveçrənin tanınmış şirkətinin proqram təminatından istifadə edirlər

Bakı Ali Neft Məktəbinin tələbələri İsveçrənin tanınmış şirkətinin proqram təminatından istifadə edirlər Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İsveçrənin “Endress+Hauser İnstruments İnternational AG” şirkəti və onun Azərbaycanda rəsmi tərəfdaşı olan “Sigma Technical Services” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, statistik göstəriciləri və uğurları barədə məlumat verib. O, həmçinin BANM-in yeni kampusu və orada aparıcı şirkətlərin yaratdığı laboratoriyaların fəaliyyətindən danışıb.
Görüşdə İsveçrə şirkətinin təqdimatında qurumun yerli quraşdırma və yerli heyət tərəfindən dəstəklənən xidmətlərindən bəhs edilib. Gələcək əməkdaşlığın istiqamətlərinin müzakirə olunduğu görüşdə tələbələrin təcrübə-istehsalat proqramları və maarifləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının rəhbəri Manafəddin Namazov müxtəlif istiqamətlərdə araşdırma aparan tələbələrin artıq üç ilə yaxındır ki, “Endress+Hauser İnstruments İnternational AG” şirkətinin proqram təminatından istifadə etdiklərini vurğulayıb. O, bu imkanı tələbələr üçün yaratdığına görə şirkətin nümayəndələrinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, 60 ildən artıq müddətdə fəaliyyət göstərən “Endress+Hauser İnstruments İnternational AG” şirkəti istehsal prosesinin ölçülməsi və avtomatlaşdırılması üçün məhsullar, həllər və xidmətlərin aparıcı təchizatçısıdır.

Hüseyin Şərifov

Oxşar xəbərlər