Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən “peşəkar mühasib sertifikatı” veriləcək “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 1 iyun 2018-ci il tarixli Fərmanına əsasən müvafiq qanunun bəzi maddələrinin icrasının təmin edilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.
Qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyatı orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsidir. Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının illik maliyyə hesabatlarını dərc edən şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi də qanunda öz əksini tapıb.
“Mühasibat uçotu haqqında”da qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçənlərə “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəd – sertifikat veriləcək.
Forması Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunacaq peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş il olacaq. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdırlar.
Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmayacaq.

Tehsil-press.az

Oxşar xəbərlər