“Analıqdan məhrum olan şəxs bağçada işə düzəlmişdi”

“Analıqdan məhrum olan şəxs bağçada işə düzəlmişdi” Son günlər uşaq bağçasında körpələrin döyülməsi başqa məqamların da gündəmə gəlməsinə səbəb olub. Vəkil Xəyal Bəşirov Tehsil-press.az-a açıqlamasında bildirib ki‚ məhz bu məsələdə və ümumiyyətlə, bütün hallarda bu cür hadisələrə görə yalnız tərbiyəçi məsuliyyət daşımamalıdır:
“Bağçalar‚ məktəbəqədər təhsil və tərbiyə müəssisələrində uşaqların tərbiyəsi ilə birbaşa məşğul olan şəxsləri işə götürərkən heç bir araşdırma aparılmır. Onların psixologiyası‚ bu sahədə təhsili‚ özəl həyatındakı nüanslar nəzərə alınmır. Xüsusilə özəl bağçalar bu işə qazanc mənbəyi kimi baxdıqları üçün istənilən şəxsi işə götürürlər”.
X.Bəşirov öz vəkillik praktikasında da belə halla rastlaşdığını deyib: “Bir boşanma işi var idi‚ mən kişinin vəkili idim. Ananın uşaqlarını oxlovla döyməsi‚ işgəncə verməsi məhkəmədə sübuta yetirildiyi üçün o‚ valideynlik hüququndan məhrum edilmişdi. Bilirsiniz ki‚ Azərbaycanda ananı nadir hallarda valideynlik hüququndan məhrum edirlər‚ çünki bunun üçün xüsusi hallar olmalıdır. Amma öz uşaqlarına işgəncə verdiyi üçün analıq hüququndan məhrum edilən həmin qadın sonra bağçada tərbiyəçi kimi işə götürülmüşdü. Yoxlanılsa bəlkə də bu işdə də üzə çıxar ki‚ həmin tərbiyəçinin ailəsində problemlər var. Amma günah yalnız həmin şəxsdə deyil‚ həm də onu işə götürən müəssisə rəhbərindədir.
Azərbaycanda qanunvericilik uşaqların hüquqlarını çox yaxşı müdafiə edir. Amma qanunda bir boşluq var ki‚ qanunların icrasına nəzarət edən qurum bəlli deyil. Məsələn elə işə götürmə prosesinə heç bir dövlət qurumu nəzarət etmir. Bağçalarda kameralar quraşdırılır‚ amma kimsə mütəmadi olaraq o görüntüləri əldə edib monitorinq aparmır”.
Qeyd edək ki‚ “Kids Studio” bağçasında uşaqların döyülməsi ilə bağlı əzab vermə maddəsi ilə cinayət işi başlanılıb. Tərbiyəçi Füruzə Tağıyeva məsuliyyət cəlb edilib.

Tehsil-press.az

Oxşar xəbərlər