Misirli jurnalistlərə Azərbaycanda təhsilalma imkanları barədə geniş məlumat verilib

Misirli jurnalistlərə Azərbaycanda təhsilalma imkanları barədə geniş məlumat verilib Azərbaycanın Misirdəki səfirliyində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ölkəmizin nüfuzlu və aparıcı universitetlərində əcnəbi tələbələrin təhsilalma imkanlarına həsr olunan görüş keçirilib.
Görüşdə Misir ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın ötən əsrin 90-cı illərinin əvvəllərindən başlandığı, həmin dövrdə çoxlu sayda azərbaycanlı tələbənin dövlət proqramı əsasında Misirin bir sıra universitetlərində (Qahirə, Ayn-Şəms, Əl-Əzhər) təhsil aldığı, eyni zamanda, misirli gənclərin Azərbaycanın nüfuzlu universitetlərində təhsil aldıqları və onların diplomlarının hər iki dövlətin aidiyyəti qurumları tərəfindən tanındığı vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlar barədə jurnalistlərə məlumat verilib, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində təhsil üçün qrantların ayrıldığı bildirilib.
Daha sonra misirli jurnalistlərə ölkəmizin nüfuzlu universitetlərinin bakalavriat, magistratura, doktorantura pillələrində əcnəbi tələbələrin təhsil alması və onlara yaradılan şərait, təqaüd proqramları, qrantlar və təqaüddənkənar öz hesabına təhsilalma imkanları barədə məlumat verilib.
Azərbaycan universitetləri barədə səfirlik tərəfindən hazırlanmış görüntülü təqdimatda həmin ali məktəblərin müxtəlif ixtisasyönümlü fakültələri, təhsil proqramları, tələbə yataqxanaları haqqında geniş məlumat diqqətə çatdırılıb.
Görüş zamanı misirli jurnalistlərin Azərbaycan haqqında sualları cavablandırılıb, respublikamızın ümumi coğrafiyası, strateji mövqeyi, iqtisadi və hərbi potensialına görə regionda lider ölkə olduğu bildirilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib.
Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilmiş görüş yerli mətbuatda geniş işıqlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər