Misirli alim Azərbaycanın iki universitetində mühazirə oxuyub

Misirli alim Azərbaycanın iki universitetində mühazirə oxuyub Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində (BDU) və Bakı Avrasiya Universitetində mühazirə oxuyub.
Bakı Avrasiya Universitetində keçirilən tədbirdə Əbdül Rəhim Əl-Kurdi ərəb dilinin tarixi və müasir inkişaf mərhələsi barədə məlumat verib, müasir dövrdə bu dilin öyrənilməsinə tələbatın artdığını söyləyib.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ərəb dilinin 1973-cü ildə BMT-nin Baş Assambleyasında qurumun rəsmi dili elan olunduğunu söyləyib. Bildirib ki, 2010-cu ildən isə 18 dekabr - Beynəlxalq Ərəb Dili Günü kimi qeyd olunur. Vurğulanıb ki, misirli dilçi alimlərin Azərbaycana səfəri iki xalq arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə mühüm töhfə verəcək.
Misirli alimlərlə BDU-nun ilahiyyat fakültəsində təşkil olunan görüşdə akademik Vasim Məmmədəliyev ərəb dilinin dünya dilləri arasında tutduğu yüksək mövqedən danışıb. Akademik ərəb və Azərbaycan dili mütəxəssislərinin qarşılılıqlı elmi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Süveyş Kanalı Universitetinin professoru qeyd edib ki, hazırda dünyanın bir sıra nüfuzlu universitetlərində ərəb dili şöbələri fəaliyyət göstərir. Ərəb dilinə artan marağa görə dilin sadələşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.
Hər iki universitetdə keçirilən görüşdə xəttat Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş olunub. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Mustafa Məhəmməd Amrinin “Ərəb dili üzrə xəttatlıq sənəti” mövzusunda keçdiyi təlimə müxtəlif universitetlərin tələbələri cəlb olunublar.
Misirli alimlərin “İslam Həmrəyliyi İli” çərçivəsində həftə ərzində Beynəlxalq Ərəb Dili Günü münasibətilə universitetlərdə, elm və təhsil ocaqlarında gənclərlə görüşləri davam edir.

Kəmalə Rəhimli


Oxşar xəbərlər