Təhsil naziri “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib

Təhsil naziri “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib Təhsil naziri Ceyhun Bayramov 15 sentyabr - “Bilik günü” münasibətilə müəllimləri, şagird və tələbələri, valideynləri təbrik edib.
Təbrikdə deyilir: “Sizi “Bilik günü” və yeni dərs ili münasibətilə təbrik edirəm! Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzulayıram. UNESCO XXI əsri təhsil əsri adlandırıb. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.
Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.
Əziz müəllimlər, şagirdlər və tələbələr!
Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır.
Elm, inkişaf, tərəqqi rəmzi olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!”

Tehsil-press.az

Oxşar xəbərlər