BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv oldu

BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv oldu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çində keçirilən Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının təsis olunma mərasimində iştirak edib. Mərasimə BANM ilə yanaşı, dünyanın 16 ölkəsindən 28 neft universitetinin rektorları qatılıb.
Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının əsas məqsədi Çin Neft Universiteti (Pekin) də daxil olmaqla Çinin və dünyanın enerji sahəsi üzrə universitetləri arasında qlobal enerji inkişafı trendinə uyğun olaraq sistemli əməkdaşlığın təşviq edilməsidir.
Rektor Elmar Qasımov təsis mərasimində Assosiasiyanın yaradılması haqda Bəyannaməyə imza atıb və BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvləri sırasına daxil olub. İmzalanma mərasimindən sonra Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin səs çoxluğu ilə Assosiasiyanın sədri seçilib.Assosiasiyanın qarşısında bura üzv olan universitetlərin birgə bakalavr, magistr və doktorant tələbələrinin hazırlaması, həmçinin, həmin universitetlərdə birgə elmi tədqiqatların aparılması, birgə beynəlxalq laboratoriyaların yaradılması, elm adamlarının mübadiləsi, beynəlxalq yay məktəblərinin yaradılması, müəllim və tələbə heyətinin qısamüddətli mübadiləsi, elmi konfranasların və seminarların keçirilməsi, qeyri-formal təhsil proqramlarının həyata keçirilməsi kimi tapşırıqlar durur.
Təsis mərasimindən sonra Assosiasiyaya üzv olan universitetlərin rəhbərləri bir araya gələrək məruzələrlə çıxış ediblər. BANM-ın rektoru Elmar Qasımov geniş məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış edib. BANM-ın Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvü olmağından məmnunluğunu bildirən rektor qeyd edib ki, müasir laboratoriyalar və ən yeni avadanlıqlarla təchiz olunmuş BANM Assosiasiyanın qarşıya qoyduğu məqsədlərə çatmaqda çox maraqlıdır.
Daha sonra Elmar Qasımov iştirakçılara BANM, tədris sistemi və nailiyyətləri haqda danışıb. Rektorun məruzəsindən sonra BANM digər universitetlərin daha da marağına səbəb olub.

BANM-ın Mətbuat Xidməti


Oxşar xəbərlər