Paytaxt məktəblərində ekoloji maarifləndirmə tədbirləri: “Hər vərəqi bir yarpağa dəyişək”

Paytaxt məktəblərində ekoloji maarifləndirmə tədbirləri: “Hər vərəqi bir yarpağa dəyişək” Paytaxt məktəblərində “Hər vərəqi bir yarpağa dəyişək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
IDEA İctimai Birliyi, “ASAN xidmət” və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə keçirdiyi tədbirlərin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
BŞTİ-nin tabeliyindəki 13, 52 və 167 nömrəli tam orta məktəblərdə təşkil olunan görüşlərdə 8-10-cu sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Görüşlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlardan, respublikamızda bu sahədə görülən işlərdən və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirlərdə təkrar emala yararlı kağız və plastik tullantıların yenidən istehsalına verə biləcəkləri dəstək barədə iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təkrar istehsal prosesi ilə əyani tanışlıq üçün məktəbin müəllim və şagird kollektivinin fabrikə ekskursiyası da planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər