Prezident Administrasiyası rəsmisi: Azərbaycanda dini ədəbiyyatlara senzuradan söhbət gedə bilməz

Prezident Administrasiyası rəsmisi: Azərbaycanda dini ədəbiyyatlara senzuradan söhbət gedə bilməz Azərbaycanda dini ədəbiyyatlara senzuradan söhbət gedə bilməz.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov bildirib.
Ə.Zülfüqarov qeyd edib ki, Azərbaycanda həqiqətən də dini ədəbiyyat – istər dini ədəbiyyatların nəşri, istərsə də idxalı sahəsində pərakəndəlik dövrü olub:
"Lakin bu sahədə boşluqların aradan qaldırılması üçün dövlət tərəfindən adekvat tədbirlər görüldü, qanunvericilik bazası təkmilləşdirildi. Dini icmalara göstərilən qayğı təkcə onların dini məbədlərinin bərpası istiqamətində deyil. Digər istiqamət onların mənəvi dəyərlərinin – müqəddəs kitablarının, dini ədəbiyyatlarının nəşrini, yayımını həyata keçirməkdir. Həqiqətən də zərərli dini ədəbiyyatlarla bağlı çox ciddi problemlərimiz olmuşdu. Həmin dönəmdə bizi təəssüfləndirən o idi ki, bəzən hansısa xarici dövlətdə dini təhsil alan kadrlar ölkəyə gələn zaman özləri ilə zərərli ədəbiyyat və disklər gətirirdilər. Bir insanın digər insanın başını kəsməsi kadrlarının diskə yazılıb ölkəyə gətirilməsinin nə mənası var? Bu, insanın dini biliyinin artmasında bir əhəmiyyət kəsb edirmi? Təbii ki, xeyr. İdxal olunan həmin disk hansısa məkanda, kiminsə evində, ailəsində, uşağının yanında göstəriləcəksə, bu, həmin uşağın radikalizmə meyilləndirilməsi üçün atılan addım deməkdir".
Administrasiya rəsmisi bildirib ki, Azərbaycan üçün müsəlman olmayan din daşıyıcılarına qarşı ayrı-seçkiliyin, antisemitizmin ədəbiyyatlarda təbliği arzuolunmazdır: "Ancaq çox təəssüf ki, dövlətin bu istiqamətdə atdığı addımlar bəzən beynəlxalq hesabatlarda Azərbaycanın qarşı tənqidi formada öz əksini tapır. Guya Azərbaycanda dini ədəbiyyatlara senzuranın qoyulduğu deyilir. Amma anlamaq lazımdır ki, Azərbaycanda senzuradan söhbət gedə bilməz".

Tehsil-press.az

Oxşar xəbərlər