Paytaxt üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın müddəti uzadılıb

Paytaxt üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın müddəti uzadılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞT) tabeliyindəki ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın müddəti oktyabrın 15-dək uzadılıb.
Uzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.
Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış - forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.
Qeyd edək ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini, 2016-2017-ci dərs ilində 55 faizini, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu tədris ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.

BŞTİ-nin Mətbuat Xidməti


Paytaxt üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın müddəti uzadılıbPaytaxt üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyatın müddəti uzadılıb

Oxşar xəbərlər