Kollec tələbələri Cümhuriyyət dövründə milli poçt və rabitənin təşkili barədə məlumatlandırılıb

Kollec tələbələri Cümhuriyyət dövründə milli poçt və rabitənin təşkili barədə məlumatlandırılıb Oktyabrın 8-də Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun bu təhsil müəssisəsi ilə birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə poçt və rabitə məsələləri” mövzusunda mühazirə keçirilib.
9 oktyabr - Ümumdünya Poçt Günü ərəfəsində təşkil edilən mühazirədən əvvəl kollecin tərbiyə işləri üzrə direktor müavini Şahmurad Məmmədov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşdırılan tədbirlərdən söz açıb. Mövzunun aktuallığını qeyd edən direktor müavini tələbələrin maarifləndirilməsi baxımından kollec rəhbərliyinin bu cür tədbirlərin təşkilinə önəm verdiyini bildirib. Sonra Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva Cümhuriyyət dövründə poçt və rabitə məsələlərindən danışıb. O, həmçinin Fondun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində paytaxtda və bölgələrdə çoxsaylı tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Şərqdə ilk demokratik respublikanın süqutundan sonra 70 il sovet imperiyası tərkibində yaşayan Azərbaycanda Cümhuriyyətlə bağlı nə varsa hamısının yaddaşlardan silinməsinə cəhd göstərilib. Odur ki, Bilik Fondu Cümhuriyyət dövrünün şanlı səhifələrinin hər birinə işıq salmağı özünün əsas vəzifələrindən biri hesab edir.
Tədbirdə AZƏRTAC-ın elm və təhsil xəbərləri redaksiyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gözəl Ağayevanın mövzu ilə bağlı geniş mühazirəsi dinlənilib. Mühazirədə Ümumdünya Poçt Gününün təsis tarixindən, Azərbaycanda poçt və teleqrafın təşəkkül tapmasından, XIX əsrdə ölkədə rabitənin inkişafından danışılıb, Cümhuriyyət dövründə yaradılan Azərbaycan Poçt və Teleqraf Nazirliyinin gördüyü işlər diqqətə çatdırılıb. Həmçinin Cümhuriyyətin yadigarlarından olan Azərbaycan Teleqraf Agentliyinin (indiki Azərbaycan Dövlət İnformasiya Agentliyi) keçdiyi tarixi yol haqqında ətraflı məlumat verilib.
Sonda kollecin poçt şöbəsinin müdiri Vidadi Əliyev poçt daşımalarının inkişafı tarixinə geniş nəzər salıb. Qeyd edib ki, insanlar ta qədim vaxtlardan məlumatın ötürülməsi üçün müxtəlif vasitələrdən istifadə ediblər. Bu gün poçt markalarında ağ göyərçin qanadının təsvir edilməsi təsadüfi deyil. Belə ki, vaxtilə məktublar göyərçinlər vasitəsilə çatdırılırdı.
Azərbaycan poçtunun tarixində mühüm məqamları diqqətə çatdıran Vidadi Əliyev Ulu Öndərin “Müstəqil ölkənin müstəqil rabitəsi olmalıdır” fikrini xatırladıb, müasir dövrdə bu sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, hazırda ölkəmizin poçt və rabitə sistemində dünyanın ən müasir texnologiyalarının tətbiq edildiyini vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər