Poçt şöbələrində 5000-ə qədər dekoder satılıb

Poçt şöbələrində 5000-ə qədər dekoder satılıb Bu günə qədər Bakı, Sumqayıt və Abşeron yarımadasında rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün poçt şöbələrində 5000-ə qədər dekoder (“Set-Top-Box”) satılıb.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov məlumat verib. O qeyd edib ki, bu gündən başlayaraq Bakı, Sumqayıt və Abşeron yarımadasındakı poçt şöbələrinə əlavə dekoderlər paylanacaq.
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır. Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım bütün ölkə ərazisində tam dayandırılacaq. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”inə zəng etmək lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər