AMEA-da Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq

AMEA-da Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq.
Mərkəzin açılmasına dair anlaşma memorandumu AMEA-nın vitse-prezidenti, institutun direktoru İsa Həbibbəylinin Çinə səfəri zamanı imzalanıb.
Çin Sosial Elmlər Akademiyasında keçirilən görüşdə bildirilib ki, iki ölkənin elmi qurumları və alimləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərdən olan bu mərkəzin yaradılması Azərbaycanda Çin mədəniyyətinin, o cümlədən ədəbiyyatının tədqiqinə töhfə verəcək. Mərkəz qarşılıqlı ədəbi tədqiqatların və ədəbi tərcümələrin təşkili, birgə seminarların və konfransların keçirilməsi, alim və doktorant mübadiləsi, birgə doktorantların hazırlanması ilə məşğul olacaq. Bundan başqa, Çinə dair araşdırma aparan azərbaycanlı tədqiqatçılar, habelə Azərbaycana dair araşdırma aparan çinlilər mərkəzin köməyindən istifadə edə biləcəklər.
Bildirilib ki, bu, Çin Sosial Elmlər Akademiyasının Çin Milli Mədəniyyəti Araşdırmaları Mərkəzinin xaricdə açdığı ilk tədqiqat qurumu olacaq. Gələcəkdə Çində də Azərbaycan tədqiqatları mərkəzinin açılması nəzərdə tutulur.
Çin Sosial Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktor müavini Çuy Veyxan, akademiyanın Çin Milli Mədəniyyəti Araşdırmaları Mərkəzinin rəhbəri Li Xı Bakıda belə bir mərkəzin yaradılmasına dəstək verdiyi üçün Azərbaycan tərəfinə təşəkkür ediblər.
Azərbaycan nümayəndə heyətinin Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini Can Bocian ilə görüşündə ölkələrimizin müvafiq elmi qurumları arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
X X X
Akademik İsa Həbibbəyli Çinə səfəri çərçivəsində Pekin Xarici Dillər Universitetinin (PXDU) bu tədris ilində açılan Azərbaycan dili ixtisasında təhsil alan tələbələri üçün mühazirə oxuyub.
“Azərbaycan ədəbiyyatının tarixi” mövzusunda mühazirədə ədəbiyyatımızın yaranma və inkişaf dövrləri, müxtəlif janrları və cərəyanları, milli mədəniyyətimizdə və ədəbiyyatımızda xüsusi xidmətləri olan dahilərin, o cümlədən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verilib.
Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb, onlara Azərbaycana aid kitablar hədiyyə edilib.
PXDU-nun rektoru, professor Pen Lon ilə qısa söhbət zamanı AMEA və universitet arasında əlaqələrin daha da genişləndirilməsinə dair söhbət aparılıb.
Cari ilin aprelində Bakıya səfərini məmnunluqla xatırlayan rektor, həmin səfər zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə PXDU arasında imzalanmış müqavilənin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli PXDU-da Azərbaycan dili ixtisasının açılmasına görə təşəkkür edib, rəhbərlik etdiyi institutun Azərbaycan dilinin tədrisi ilə bağlı universitetə hər cür dəstək göstərməyə hazır olduğunu deyib.

Tehsil-press.az



Oxşar xəbərlər