AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq

AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
AMEA-dan Tehsil-press.az-a bildirilib ki, iclası açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan məsələlər haqqında məlumat verib. İlk növbədə, elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin qərarları ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatı şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda təhsil şöbəsi, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində eksperimental fonetik araşdırmalar laboratoriyasının yaradılması, həmçinin Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsinə dair Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Fizika İnstitutunun əməkdaşı Tahirə Bağırovanın “Azərbaycan klassiklərinin ədəbi irsinin nəşr tarixi (M.Ə.Sabir və H.Cavidin əsərləri əsasında)” monoqrafiyası ilə bağlı olub. Müzakirələrdən sonra əsər nəşrə tövsiyə edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Humanitar Elmlər Bölməsinin elmi sessiyasının, eləcə də humanitar və ictimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə respublika konfransının keçirilməsi, eləcə də akademik Rasim Əfəndiyevin 90 illik yubileyinin qeyd olunması qərara alınıb. Həmçinin elmi müəssisələrdə 2018-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı müzakirələr aparılıb.
Sonda kadr məsələlərinə baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər