Elmar Məmmədyarov Bolqarıstan Prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Bolqarıstan Prezidenti ilə görüşüb Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Rumen Radev ilə görüşüb.
E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bolqarıstan Prezidenti Rumen Radevə çatdırıb.
Bolqarıstan Prezidenti səmimi təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş edib.
Görüş zamanı iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkə tərəfindən verilən önəm qeyd edilib.
Prezident R.Radev 2017-ci ilin oktyabr ayında Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatlarının davamı olaraq, Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını çox yüksək qiymətləndirib. Bu hava xəttinin açılmasının tərəflər arasında xüsusilə turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi baxımından əlverişli siyasi zəmin yaratdığı ifadə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər