“Rəqəmsal bankçılığa keçid əsas hədəfimizdir” - Kapital Bank-ın İdarə Heyətinin sədri

“Rəqəmsal bankçılığa keçid əsas hədəfimizdir” - Kapital Bank-ın İdarə Heyətinin sədri Ölkənin birinci bankı olan Kapital Bank son illər ərzində bir sıra nailiyyətlər əldə edərək, ölkə üzrə 100-dən artıq xidmət nöqtəsi ilə müştərilərə yüksək keyfiyyətli bank xidməti göstərir.
2018-ci ilin üçüncü rübünü yüksək maliyyə göstəriciləri ilə başa vuran Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev nailiyyətlərin əldə olunması və növbəti illər üçün olan strateji hədəflərdən danışıb.
- Rövşən müəllim, 2017-ci ili rekord maliyyə göstəriciləri ilə başa vurdunuz. Nəticələrin əvvəlki illərlə müqayisədə daha yüksək olması nə ilə əlaqəlidir?
- 2015-ci ildə baş verən devalvasiyadan sonrakı illərlə müqayisədə 2018-ci il nisbətən sabit oldu. Lakin bu bizim məsuliyyətimizi daha da artırdı. Çünki ölkə iqtisadiyyatı kimi, bank sahəsi də inkişaf etməyə başladı və rəqiblərimiz “çətin illər”i geridə qoyub, bazarda müəyyən paya sahib olmaq üçün fəaliyyətlərini daha da gücləndirdilər. Bank sektorunda liderliyi qorumaq, ötən ildə olan yüksək maliyyə göstəricilərini üstələmək və bazara yeniliklər təqdim etmək heç də asan deyildi. Amma, yenə də, peşəkar komandamızla birgə 2018-ci ilin sonuna doğru əminliklə addımlayırıq. Səhmdarlar tərəfindən qarşımıza qoyulan hədəflərə demək olar ki, çata bilmişik. Kapital Bank 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə xidmət göstərir. Kapital Bank-ın ölkə üzrə 650-dən artıq bankomatı, 10 000-dək POS terminalı vardır.
2018-ci ilin 3-cü rübünün nəticələrinə görə Bankın aktivləri 3,5 mlrd. manat, xalis mənfəəti 71 mln. manat, adi və imtiyazlı səhmlər 205,8 mln. manat, məcmu kapitalı isə 295 mln. manat təşkil edib. Əminəm ki, 2018-ci ili də yüksək nəticələrlə başa vuracağıq.
2018-ci ildə xidmət nöqtələrimizin sayını da artırdıq: Füzuli, Ağdaş, İmişli və Gənclik Mall filiallarımızı və bir neçə şöbəmizi yenilədik, həmçinin Gəncə Kart Mərkəzi, Şimal və Bravo 2 filiallarının açılışını həyata keçirdik. Bildiyiniz kimi, 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyi düşməndən azad edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam bizim nəzarətimizə keçdi. Ölkə prezidenti İlham Əliyev kəndin yenidən qurulması üçün prezidentin ehtiyat fondundan vəsait ayırdı və 2017-ci ildə “Böyük qayıdış” devizi altında həmin kəndə köç başladı. Azərbaycanın bütün rayonlarında xidmət nöqtələri olan Kapital Bank, həmçinin, Cocuq Mərcanlı sakinlərinə xidmət göstərməyə başladı. Artıq həmin kəndə də Kapital Bank-ın bankomatı quraşdırılıb. Ümumiyyətlə, tərəfimizdən son 2 il ərzində cəbhəyanı zonada yerləşən Füzuli filialı ilə yanaşı, Ağdam, Tərtər və Ağcabədi filialları da yeniləyərək müştərilərin ixtiyarına verilib.
Kapital Bank hazırda 100-dən artıq yerdə müştərilərə keyfiyyətli xidmət göstərir. 2018-ci ilin sonunadək paytaxt Bakıda daha 3 filialımızı müştərilərin ixtiyarına verəcəyik – Badamdar, Sahil və Neftçilər Kart Mərkəzi. Yenilənən filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
- 2018-ci ildə Kapital Bank-ın əsasən BirKart məhsulunun satışlarına fokuslanması bizim də diqqətimizdən kənar qalmayıb. Mütəmadi olaraq müxtəlif aksiya və kampaniyalar təqdim etdiniz...
- Riteyl bazara daxil olub, inkişaf etmək üçün müştərilərin arzu və istəklərini maksimum dərəcədə reallaşdıra biləcək məhsulun olması önəmlidir. Bunu nəzərə alaraq, biz BirKart məhsulunun 3 çeşidini müştərilərə təqdim etdik. Filiallar, sayt və qısa nömrə vasitəsilə olan müraciətlərdən belə aydın olur ki, BirKart-ın hər 3 növü – taksit, taksit/cashback və taksit/miles müştərilərimiz tərəfindən rəğbətlə qarşılanır. 2018-ci ildə “Hər kəsə, hər istəyə BirKart” şüarı ilə Kapital Bank-dan məvacib və pensiya almayanlara da bu məhsulumuzu təqdim etməyə başladıq. Artıq 300 000-ə yaxın müştərinin BirKart-ı var və bu göstərici günbəgün artır. Xüsusi olaraq, Miles kartını qeyd etmək istərdim – bu kart vasitəsilə müştərilərimiz nağdsız ödəniş etdikdə, bonus olaraq millər toplaya və bu milləri təyyarə biletinə dəyişə bilərlər. Bu kartın rəqiblərindən fərqi ondadır ki, toplanan milləri istənilən aviaşirkətin biletinə dəyişmək mümkündür.
BirKart-ın taksit növü də müştərilərimiz tərəfindən bəyənilir. Bu kart vasitəsilə partnyor mağazalarda istənilən məhsulu alıb, qiymət fərqi olmadan, yəni nağd qiyməti bərabər hissələrə bölərək, aylıq ödəniş etmək mümkündür. BirKart müştəriləri ilə yanaşı il ərzində partnyorlarımız üçün də müxtəlif hədiyyəli aksiyalar və müxtəlif tədbirlər keçirdik. Hazırda BirKart-ın 1000-dək tərəfdaş mağazası mövcuddur. 2019-cu ildə paytaxt Bakı ilə yanaşı regionlardakı partnyor şəbəkəmizi genişləndirməyi planlaşdırırıq.
- Hazırda Kapital Bank yeni strateji hədəflər üçilliyinin ilk ilindədir. Bir qədər 2018-2020-ci il üçün olan strateji hədəflərinizdən danışardınız.
- Qeyd edim ki, ötən il Kapital Bank-ın 2014-2017-ci illər üçün nəzərdə tutulan strategiya planının icrası sona çatdı və qarşımıza qoyulan bütün hədəfləri yüksək nəticə ilə başa vurmağa müvəffəq olduq. Hazırda növbəti 2018-2020-ci illəri əhatə edəcək inkişaf planının həyata keçirilməsinə başlanıb və artıq müəyyən işlər yerinə yetirilib. Yeni strateji hədəflərimiz üçün ən prioritet olanlardan biri xidmətlərimizin rəqəmsallaşmasıdır. Azərbaycanda bir sıra xidmətlərin rəqəmsallaşması və nağdsız ödənişlərə keçid prosesi sürətlə inkişaf edir. Təbii ki, bank sektoru da bu tendensiyadan geri qalmır. Ölkə banklarının əksəriyyəti bir sıra xidmətləri internet üzərindən yerinə yetirməyi müştərilərə təklif edir. Kapital Bank olaraq bizim də bu sahədə bir sıra innovativ məhsullarımız var. Bu il biz bazara öz yeni BirBank tətbiqimizi təqdim etdik. Məşhur “Gözləmə” reklam konsepsiyası ilə təqdim olunan yeni tətbiq sayəsində istifadəçilər bir sıra innovativ əməliyyatları onlayn qaydada həyata keçirə bilirlər. Bu tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatların və hesaba bağlı bonusların idarə edilməsi və s. Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür. Hazırda 300 000-ə yaxın BirBank istifadəçisi var ki, bu da Azərbaycan üzrə ən yüksək nəticələrdən hesab olunur.
Qeyd edim ki, Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş növünü müştərilərin ixtiyarına verdik. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək mümkündür. Yaxın gələcəkdə BirKart partnyorları ilə yanaşı digər mağazalarda da belə ödəniş növləri keçərli olacaq.
Ümumiyyətlə bank xidmətlərinin rəqəmsallaşması ilə bağlı layihələrimiz çoxdur. Rəqəmsal bankçılığa keçid — ən mühüm hədəfimizdir. Hazırda biz biznes proseslərin rəqəmsallaşmasına keçidlə bağlı ciddi işlər görürük. Bunun nəticəsində müştərilər bir sıra bank əməliyyatlarını bütün filiallarımızda daha tez və sərbəst şəkildə həyata keçirə biləcəklər. Belə layihələrdən ən mühümü tam rəqəmsal filialın açılışıdır. Yaxın zamanlarda ilk filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik. Bunun nəticəsində 20-dən artıq əsas biznes proses optimallaşıb. Rəqəmsal filialda müştərilərə avtomatlaşdırılmış terminallar xidmət göstərəcək. Misal üçün, kredit və ya BirKart almaq istəyən müştəri həmin filiala müraciət edib, adlı kartı və ya krediti dərhal əldə edə biləcək. Bundan başqa rəqəmsal filialda müştərilər, ödəniş kartının sifarişi, pul köçürməsi əməliyyatı, əmanət hesabının və ya cari hesabın artırılıb və azaldıla bilməsi, səfirliyə məktubların təqdim edilməsi kimi xidmətlərdən daha tez və sərbəst şəkildə faydalana biləcəklər.
2018-ci ilin may ayında Azərbaycanda ilk dəfə "Mobil elektron imza" layihəsi təqdim etdik. Bu layihə bank əməliyyatlarının rahat şəkildə aparılması ilə yanaşı, sənədlərin imzalama prosesinin sürətli, təhlükəsiz və elektron şəkildə həyata keçirilməsinə imkan yaradıb.
- 2019-cu ildə korporativ sektor üzrə hansı layihələri təqdim edəcəksiniz?
- Ölkə iqtisadiyyatının inkişafı kiçik və orta sahibkarlığın inkişafından başlayır. Bizim də növbəti illərdə kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə geniş planlarımız və hədəflərimiz vardır. Filiallarımızın əsasən riteyl müştərilərə xidmət göstərməsinə baxmayaraq, 5 filialda iri korporativ müştərilər üçün xüsusi bölmələr yaradılıb. Bundan əlavə Kapital Bank kiçik və orta sahibkarlar üçün maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində də yeni həllər üzərində işləyir və yaxın vaxtlarda overdraft və faktorinq kimi yenilikçi məhsullar satışa təqdim ediləcək. İlin sonuna qədər 4 filialımızda həmçinin kiçik və orta sahibkarlara da bank məhsulların satışı həyata keçiriləcək. Gələn ildən başlayaraq bu sahədə yeni məhsullarımızı təqdim edəcəyik.
Bununla yanaşı, bu il korporativ müştərilərimizə Müştəri Bank portalının yeni versiyasını təqdim etdik. Artıq korporativ müştərilərimiz bir çox əməliyyatları banka gəlmədən portal vasitəsilə, daha münasib şərtlər və tariflər əsasında həyata keçirə bilirlər. 2018-ci ilin göstəricilərinə görə ay ərzində təqribən 30 mindən artıq əməliyyat Müştəri Bank vasitəsilə yerinə yetirilir. Cənubi Qafqazda ilk dəfə olaraq biz, SWIFT gpi sisteminə qoşulduq. Bu sistem vasitəsilə müştərilərin xaricə göndərdikləri və xaricdən aldıqları vəsaiti izləmək olar. Həmçinin, korporativ müştərilərimiz onlayn növbə funksiyasından da bəhrələnib, seçdikləri vaxtda filiala yaxınlaşırlar.
- Son illər Kapital Bank həmçinin beynəlxalq tədbirlərdə, sərgilərdə və forumlarda fəal iştirak edir...
- Biz beynəlxalq tədbirlərdə də iştirak edib, ölkənin bank sektorunu təbliğ edirik. Misal üçün, Amerika Banklar Assosiasiyasına Azərbaycandan üzv seçilən ilk bank Kapital Bank olub. Bundan başqa, biz ənənəvi olaraq keçirilən SIBOS, BAFT və digər tədbirlərdə, illik yığıncaqlarda həm qonaq, həm iştirakçı, həm də partnyor qismində iştirak edirik. 2018-ci ilin may ayında Londonda BAFT-ın “Gələcək Liderlər Proqramı” (“Future Leaders Program”) tədbirində iştirak etdik. Mart ayında isə Kapital Bank-ın dəstəyi ilə Amerika Banklar Assosiasiyası Bakıda “Maliyyə cinayətləri ilə mübarizə və komplayens” (“Financial Crime Compliance Workshop 2018”) adlı seminar keçirdi. Builki ənənəvi SIBOS sərgisində və Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı qrupunun illik yığıncağında da iştirak etdik.
Hələlik xarici ölkədə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir.
Beynəlxalq reytinq agentliklərilə əməkdaşlığımız 2018-ci ildə də davam edib. Kapital Bank Standard&Poor's və Moody’s Investors Service agentliklərinin reytinqlərinə malikdir və hər il onlar tərəfindən qiymətləndirilmə keçirilir. Qeyd edim ki, bizim reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
- Kapital Bank il ərzində bir sıra sosial layihələr həyata keçirib. 2018-ci ildə hansı layihələri təqdim etmisiniz?
- Kapital Bank Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsil layihələrinə və bu layihələrin dəstəklənməsinə böyük önəm verir. Təhsil Nazirliyi ilə olan əməkdaşlığımız artıq partnyorluğa çevrilib. Bu il də ənənəvi Beynəlxalq Təhsil Sərgisinin tərəfdaşı olduq. Beynəlxalq və Respublika Fənn Olimpiadası, “Azərbaycan üçün öyrət”, “Təhsil Avtobusu”, “Sabah” qrupları tədbirləri də bizimlə birgə həyata keçirildi. Həmçinin, ADA-ya, Dövlət İqtisad Universitetinə müxtəlif layihələr üzrə dəstək göstərmişik.
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Yaşa” təqaüdçülər mərkəzinin açılış mərasimi keçirdik. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin binasında yerləşən “Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsini, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını həyata keçirməkdir. Hazırda əməkdaşlarımız tərəfindən bu mərkəzə gələn təqaüdçülərə maliyyə savadlığı mövzusunda təlimlər keçilir. Təqaüdçülərlə bağlı daha bir maraqlı layihəmiz oldu. Layihə çərçivəsində 1 ay müddətində “könüllü” qismində olan təqaüdçülər, filiala gələn yaşlı müştərilərə xidmət göstərirdilər. Təqaüdçüləri başqa layihələrimizə də cəlb edirik. Belə ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, gözdən əlil uşaqlar üçün hazırladığımız audio nağıllar onlar tərəfindən səsləndirilib.
Son illər rəqəmsallaşma tendensiyaya çevrilib və hamı bu istiqamətdə müəyyən işlər görür. Amma bu zaman uşaqların təhlükəsiz internetdən istifadəsini də unutmamalıyıq. Bunu nəzərə alıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Təhlükəsiz İnternet” layihəsində iştirak etdik. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb, istifadəyə verilib. Bu tətbiq vasitəsilə valideynlər uşaqlar üçün təhlükəli bildikləri kontentə – saytlara, forumlara, qruplara olan girişlərinə məhdudiyyət tətbiq edə bilirlər. Bundan başqa, övladının daxil olduğu saytlara nəzarət imkanı da əldə edirlər.
Kapital Bank, həmçinin, əməkdaşlarının təhsilinə də böyük önəm verir. İl ərzində bir sıra əməkdaşlarımız həm ölkə daxili, həm də ölkə xaricində olan müxtəlif treninqlərdə iştirak edib, kvalifikasiyalarını artırırlar. Təlimlərin geniş və çoxsahəli olmasını nəzərə alaraq, cari ildə İnsan Kapitalı Akademiyasının açılış mərasimini keçirdik. 9 təlim zalından ibarət Akademiya, ümumilikdə 160 nəfərin eyni zamanda tədris və fəaliyyətlə məşğul olması üçün tutuma malikdir.
- İlin sonuna və 2019-cu ilə olan proqnozlarınızı eşitmək maraqlı olardı. Maliyyə göstəriciləri üzrə ötən ilin rəqəmlərini üstələyə biləcəksinizmi?
- Hər il olduğu kimi, bu il üçün də proqnozlarımız müsbətdir. İlin sonuna bir neçə ay qalıb və 3-cü rübün hesabatına nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox ümidvericidir. Bundan başqa, qeyd etdiyim kimi, hazırda Kapital Bank 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirməyə başlayıb.
Təbii ki, hər il olduğu kimi 2019-cu ildə də ötən ilin satış hədəflərini, satış rəqəmlərini üstələyərək, növbəti rekorda imza atmaq prioritetlər sırasındadır.
Xidmət sahəsində də yeniliklərimiz olacaq. Əgər indiyə qədər müştəriyə filialda xidmət göstərmə vaxtı 5-30 dəqiqə davam edirdisə, gələn il bu rəqəmin maksimumunu 15 dəqiqəyədək azaldılmasını planlaşdırırıq. Əksər bayramlar ərəfəsində, müxtəlif peşə sahiblərinə, əlamətdar günlərdə müştərilərimizi endirimlər, hədiyyələr və güzəştlər gözləyəcək. Müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyətli xidmətlə yanaşı rəqabətə davamlı, həmçinin, sərfəli şərtlər də təqdim etmək vacibdir. Biz də bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirib, müştərilərimizi sevindirəcəyik.
Sonda hər gün filiallarımıza üz tutan, Kapital Bank-ı seçərək, bizi ölkənin birinci bankı edən milyonlarla müştərilərimizə təşəkkürümü bildirmək istərdim. Növbəti illər üçün də iddialı hədəflərimiz var. Əminəm ki, onları da komandamızın peşəkarlığı və bacarığı sayəsində müvəffəqiyyətlə həyata keçirə biləcəyik.

Tehsil-press.az



Oxşar xəbərlər