Veteran jurnalistə Mətbuat Şurasının diplomu verilib

Veteran jurnalistə Mətbuat Şurasının diplomu verilib Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zöhrab Zeynallı ilə görüş keçirilib.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 80 yaşı tamam olmuş yubiliyar yazarı təbrik edib, ona möhkəm cansağlığı, bilik və təcrübəsini gənc nəslə öyrətmək işində uğurlar arzulayıb. MŞ sədri Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illiyi münasibətilə layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının yubiley diplomunu Zöhrab Zeynallıya təqdim edib. Həmkarımıza Ahıl Jurnalist Məclisinin xatirə hədiyyəsi də verilib.
Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə qocaman jurnalistin gənclər üçün örnək olan ömür yolundan söz açaraq bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 56 il əvvəl bitirmiş həmkarımız peşə fəaliyyətinə nüfuzlu “Elm” nəşriyyatında başlayıb, az sonra Azərbaycan Dövlət Teleradiosuna dəvət edilib. Burada o, ölkənin ilk ədəbi-bədii və informasiyalı radio yayımı “Araz” proqramının yaradıcılarından olub. Sonrakı illərdə Zöhrab müəllim Azərbaycan Radiosunda şöbə müdiri, baş redaktor və proqram direktoru vəzifələrində çalışıb, ömrünün yarım əsrə yaxınını radiojurnalistikaya həsr edib. O, Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş bir neçə Azərbaycan jurnalistindən biri olub. Zöhrab Zeynallı bu gün də yaradıcılığını və ictimai fəaliyyətini davam etdirir.
Çay süfrəsi arxasında davam edən söhbətdə yubiliyar göstərilən diqqətə görə razılığını bildirib, ömür yolundan maraqlı epizodlar danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər