Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Şuradan Tehsil-press.az-a verilən məlumata görə, toplantı ulu öndərin mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük siyasətçi, dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. MŞ sədri bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu hər bir insan üçün əsl nümunədir.
Ümummilli Liderin Azərbaycan Milli Ordusunun formalaşmasında böyük xidmətlərindən söz açan Ə.Amaşov Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov Ulu Öndərin Azərbaycan jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq onunla bağlı xatirələrini bölüşüb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisi rəhbərinin müavini Məzahir Süleymanzadə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tanınmış telejurnalist Telli Pənahqızı və digər çıxış edənlər də Ümummilli Liderin həyat yolundan söz açıb, onun Azərbaycan mətbuatının inkişafına göstərdiyi tarixi xidmətlərdən, yazarlara olan böyük ehtiramından danışıblar.
Mərasimdə qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Heydər Əliyev şəxsiyyətinin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndərin milli mətbuata qayğısı nəticəsində azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu.
Ümummilli Liderin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuat tariximizin mühüm faktlarıdır. Bütün bunlara görə jurnalistlərin "Jurnalistlərin dostu" mükafatı ilə bağlı keçirilmiş sorğudakı alternativsiz seçimi Heydər Əliyev olmuşdu.
Dahi şəxsiyyət özü şəxsən jurnalistlərin düzənlədikləri təntənəli təqdimat mərasiminə təşrif buyuraraq mükafatı qəbul etmiş, tədbirdəki nitqində jurnalistlərin seçiminin onun üçün müstəsna əhəmiyyət daşıdığını vurğulamışdı.


Tehsil-press.az

Oxşar xəbərlər