Təhsil naziri Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransda iştirak edir

Təhsil naziri Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransda iştirak edir Azərbaycanın təhsil naziri Ceyhun Bayramov dekabrın 7-də Vyana şəhərində keçirilən “Daha güclü cəmiyyət üçün daha güclü iqtisadiyyat – davamlı inkişaf üçün insan resurslarına investisiya” adlı Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransda iştirak edir.
Konfransdan öncə təhsil naziri Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han və Avstriyanın xarici işlər, Avropa və inteqrasiya məsələləri üzrə federal naziri xanım Karin Kneissl ilə görüşüb. Görüş zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində mövcud alətlərdən Şərq Tərəfdaşlığına üzv ölkələrdə təhsilin inkişafı naminə istifadə imkanları müzakirə edilib. Ceyhun Bayramov Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda təhsil sahəsində layihələrin həyata keçirildiyini vurğulayıb. Nazir görüş iştirakçılarına “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib.
Təhsil naziri daha sonra Avropa Komissiyasının təhsil, gənclər, idman və mədəniyyət üzrə baş direktor müavini xanım Vivian Hofmanla görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüşlərdən sonra Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransa qatılıb. Panel müzakirələri zamanı çıxış edən təhsil naziri Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Daha sonra nazir təhsildə əldə edilən bilik və bacarıqların əmək bazarına uyğunluğunun vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, müasir zamanda informasiya texnologiyalarının sürətli inkişafı bilik və bacarıqların mütəmadi yenilənməsini tələb edir. Buna nail olmaq üçün bütün maraqlı tərəflər qarşılıqlı şəkildə əməkdaşlıq etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər