DİM Direktorlar Şurasının sədri Ukraynada keçirilən konfransda çıxış edib

DİM Direktorlar Şurasının sədri Ukraynada keçirilən konfransda çıxış edib Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak məqsədilə Kiyev şəhərinə səfər edib.
Ikignlük konfrans Avropa Xarici Fəaliyyət Xidmətinin və Ukraynanın Dövlət Qulluğu üzrə Milli Agentliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və stabillik” adlı birinci platformasının dövlət idarəçiliyi islahatları paneli çərçivəsində keçirilir.
Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Aİ-yə üzv dövlətlərin, beynəlxalq təşkilatların, eləcə də Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və Ukraynanın dövlət qurumlarının təmsilçiləri iştirak edirlər.
DİM Direktorlar Şurasının sədri konfransda çıxış edərək Azərbaycan-Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrin yüksək templə inkişafı barədə məlumat verib, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. M.Abbaszadə, həmçinin Aİ ilə DİM arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə ümumi məlumat verib.
Mərkəzin strateji inkişaf şöbəsinin müdiri, Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsinin rəhbəri Fuad Mayılov da plenar sessiyada təqdimatla çıxış edib, DİM tərəfindən Aİ-nin Tvinninq və TAIEX alətləri çərçivəsində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.
Konfrans dekabrın 8-də plenar sessiyalarda davam edəcək. İclaslarda digər Şərq Tərəfdaşlığı dövlətlərinin nümayəndələri ölkələrində həyata keçirilən Tvinninq, TAIEX və SİGMA alətlərinin tətbiqi, uğurlar, əldə edilən nəticələr barədə fikirlərini bölüşəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər