ADPU-da akademik Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirilib

ADPU-da akademik Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq vasitəsi kimi. XVII-XVIII əsrin I rübündə” ("Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства. XVII-первая четверть XVIII вв.") adlı kitabının təqdimatı keçirilib. Təqdimatda ADPU-nun rəhbərliyi, Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti, fakültə dekanları, kafedra müdirləri, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, biz bu gün tarix elmimiz üçün çox aktual olan bir mövzunu müzakirə etmək üçün toplaşmışıq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq vasitəsi kimi. XVII-XVIII əsrin I rübündə” ("Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства. XVII-первая четверть XVIII вв.") adlı yeni kitabı işıq üzü görüb. Qeyd etmək lazımdır ki, akademik Ramiz Mehdiyev Səfəvilər dövləti ilə bağlı bir neçə kitabın müəllifidir. Böyük alimin geniş və hərtərəfli elmi-tədqiqatların nəticəsində ərsəyə gətirdiyi həmin kitablar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Yeni əsərin əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim və həm də dövlət xadimi olaraq Səfəvilər dövlətinə yeni prizmadan yanaşmasıdır. Bu əsər Azərbaycan tarixşünaslığında və siyasi elmində Qriqoryan kilsəsinin Səfəvilər dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin geniş işıqlandırılmasına göstərilən ilk cəhdir. Çoxsaylı mötəbər elmi mənbələr əsasında yazılmış bu fundamental əsərdə problemlərin qoyuluşu və həlli tamamilə yenidir. Əsərdə Vatikan tərəfindən göndərilmiş katolik missiyasının qeyd etdiyimiz dövrdə Səfəvilərə qarşı həyata keçirdiyi ideoloji və casusluq fəaliyyətinin strategiya və taktikası, həmçinin Qriqoryan kilsəsinin katolik missiyası ilə əlaqələri ardıcıl və dəqiq aydınlaşdırılır. Əsərdə erməni siyasi elitasının satqınlığı, Qriqoryan kilsəsinin fitnəkar, pozucu, casusluq fəaliyyəti ifşa edilir. Konkret elmi-tarixi faktlara söykənən bu əsər sistemli fəaliyyətin uğurlu davamıdır. Əsərin rus dilində yazılması onun istifadə imkanlarının və oxucu auditoriyasının genişlənməsinə imkan verir. Bu əsər bütövlükdə tarix elmimizə böyük töhfədir.
Tədbirdə çıxış edən AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun professoru Şahin Fazil, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, ADPU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə
doktoru Elman Mirzəyev akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqoryan kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.
Sonra kitab haqqında müzakirə aparılıb. AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Himalay Qasımov, dosent Sevinc Seyidova, dosent Elmira Süleymanova çıxış edərək bu dəyərli əsərin bütün Türk xalqları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonda rektor Cəfər Cəfərov professor-müəllim heyətinə tələbə-gənclərə tariximizi dərindən öyrətmək üçün onlarla bu sahədə işi daha da genişləndirməyi tapşırıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da akademik Ramiz Mehdiyevin yeni kitabının təqdimatı keçirilib

Oxşar xəbərlər