ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsində görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsində görüş keçirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov dekabr ayının 3-də universitetin 2 nömrəli tədris binasında Tarix və coğrafiya fakültəsinin professor-müəllim və tədris-köməkçi heyəti ilə görüş keçirib. Görüşdə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev də iştirak edib. Görüşdə qarşıda duran vəzifələr, idarəetmə, tədris və imtahan prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, pedaqoji təcrübə, kollokviumların keçirilməsi, qarşıdan gələn payız semestrinin imtahan sessiyasına hazırlıq və digər məsələlər müzakirə edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanın iqtisadi, siyasi, sosial, hərbi gücü və mədəni inkişafı bilavasitə elm və təhsilin inkişafı ilə sıx bağlıdır. Müasir dünyamızın reallıqları və yeni çağırışları Azərbaycanın elmi əsaslarla idarə olunmasını vacib bir vəzifə kimi qarşıya qoyur. Ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının öncül istiqamətlərindən biri elan edib. Dövlət başçımız Azərbaycanın iqtisadi potensialının intellekt kapitalına çevrilməsini mühüm bir vəzifə kimi irəli sürüb. Azərbaycan təhsili uğurla Avropa təhsil məkanına inteqrasiya edir. Ölkəmizdə pedaqoji təhsilə, o cümlədən müəllim hazırlığına xüsusi diqqət yetirilir.
Rektor çıxışında qeyd edib ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz bu yeni inkişaf mərhələsinə uyğun olaraq ADPU-nun maddi-texniki bazasını, elmi-pedaqoji kadr potensialını, informasiya-kommunikasiya texnologiyaları ilə təminatının gücləndirməli, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlamalıyıq. Bizim əsas vəzifəmiz, başlıca məqsədimiz tədrisin keyfiyyətini yaxşılaşdırmaq, yüksək bilik səviyyəsinə, hərtərəfli dünyagörüşə malik pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış
etməli, ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmalıyıq. Universitetdə əmək və tədris şəraitinin yaxşılaşdırılması üçün təmir-tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulur. Təmir-tikinti işlərinin davam etdirilməsinə dəstək verilməsi üçün Nazirlər Kabinetinə müvafiq məktubla müraciət edilib. Qarşıdan payız semestrinin imtahan sessiyası gəlir. Biz kollokviumları və imtahan sessiyasını şəffaf və obyektiv keçirməliyik. Bütün fakültələr kimi, Tarix və coğrafiya fakültəsi də bu işlərdə fəal iştirak etməlidir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda professor-müəllim və tədris-köməkçi heyətinə öz bilik və peşəkarlıq səviyyələrini yüksəltməyi tövsiyə edib, onları universitetdə həyata keçirilən islahatlarda rəhbərliyə dəstək verməyə çağırıb.
Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Rəcəb Əliyev, Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Fəlsəfə və sosial fənlər kafedrasının müdiri, professor Məhəmməd Balayev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, İqtisadi coğrafiya kafedrasının müdiri, dosent Oktay Alxasov, Ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru Məmməd Abduyev çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür ediblər. Çıxış edənlər universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris planları, imtahan və tədris prosesi, bilik və bacarıqların qiymətləndirilməsi, xarici dillərin öyrənilməsi barədə öz fikir və mülahizələrini bölüşüblər.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək tədris və imtahan prosesi ilə bağlı səslənən fikir və təkliflərə münasibətini bildirib, qarşıda duran vəzifələr və onların həlli barədə danışıb, sualları cavablandırıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsində görüş keçirib

Oxşar xəbərlər