ADPU-da professor Vilayət Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

ADPU-da professor Vilayət Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, ADPU rektorunun müşaviri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Vilayət Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, millət vəkilləri, ölkəmizin tanınmış və nüfuzlu ziyalıları, media strukturlarının rəhbərləri, universitetin fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Vilayət Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ADPU-nun dəyərli alimi Vilayət Əliyevin 80 illik yubileyinin keçirilməsi Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatı üçün xüsusi önəm kəsb edir. Çünki professor V.Əliyev bu sahələrdə öz sözünü layiqincə demiş bir alim-ziyalıdır. Çoxsaylı kitabların, məqalələrin müəllifidir. Professor V.Əliyev müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevə yenidən ölkəmizdə hakimiyyətə qayıtmasi üçün müraciət edən 91 vətənpərvər ziyalıdan biridir. Vilayət müəllim həm də gözəl, qayğıkeş ailə başçısıdır. Övladlarını cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişdirib. Rektor tədbirdə 80 illik yubileyi münasibətilə və universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor V.Əliyevə təşəkkürnamə təqdim edib.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor Vilayət Əliyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Professor B.Xəlilov bildirib ki, Vilayət Hüseyn oğlu Əliyev 1938-ci il avqust ayının 23-də Şəki rayonunun Daşbulaq kəndində anadan olub. Ailəsi dəfələrlə repressiyaya məruz qalıb. 1962-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, elə həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Türkologiya” ixtisası üzrə aspiranturasına qəbul olunub. Tanınmış türkoloq, akademik Məmmədağa Şirəliyev Azərbaycan və özbək dillərinin müqayisəli qramatikası üzrə mövzu müəyyənləşdirib və gənc tədqiqatçıya görkəmli türkoloq, akademik Qəni Əbdürrəhmanovu elmi rəhbər məsləhət bilib. Elmi axtarışlar onu Daşkənd şəhərinə gətirib, türk dünyası ilə yaxından tanış olmağa, özbək dilini öyrənməyə imkan yaradıb. Daşkənd şəhərində çalışarkən tanınmış şair, dramaturq, professor Maqsud Şeyxzadə ilə yaxından tanış olub. Sonralar onun ikicildlik bədii irsinin Azərbaycan dilinə tərcüməsində fəal iştirak edib. Bu dostluq və Özbəkistandakı türk mühiti onun bir şəxsiyyət kimi yetişməsinə təkan verib və gənc tədqiqatçını türkçülük, azərbaycançılıq ideaları ilə zənginləşdirib.
Professor V.Əliyev 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir.Onun elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200-dən çox elmi məqalənin və ”Azərbaycan dilində feilin təsriflənməyən formaları”, “Məsdər”, “Azərbaycan dilində feili sifət”, “Azərbaycan dilində feilin perifrastik formaları”, “Toponimika”, “Azərbaycan toponimiyası” kimi kitabların müəllifidir. AMEA-nın nəşr etdirdiyi üçcildlik “Müasir Azərbaycan dili”əsərinin müəlliflərindən biridir. 1999-cu ilin iyun ayında Türkiyədə keçirilən türk dövlətləri və topluluqlarının VII qurultayında iştirak edib. Dəfələrlə Azərbaycanda və digər ölkələrdə keçirilmiş elmi konfranslarda iştirak edib. Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının üzvü olub.
Professor V.Əliyevin elmi-pedaqoji fəaliyyətinin əsas hissəsi ADPU ilə bağlıdır. 1997-2016-cı illərdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışıb. Xalqımızın görkəmli alimi, vətənpərvər ziyalısıdır. Onun ictimai-siyasi fəaliyyətində bir alim-vətəndaş mövqeyi var.
Professor V.Əliyev dilimizin keşiyində dayanan, onun imkanlarına hörmətlə yanaşan, dilimizi mənəvi sərvətimiz kimi dəyərləndirən, dövlət rəmzlərindən biri kimi ona xüsusi əhəmiyyət verən, dilimizi milli varlığımızın göstəricisi kimi qiymətləndirən alimlərimizdən biridir. V.Əliyev bütün varlığı ilə türkçüdür, türk dünyasını və türkoloji düşüncəni, məfkurəni qəbul edən, təbliğ edən alimdir. İnanırıq ki, professor V.Əliyev yeni-yeni əsərləri ilə Azərbaycan dilçilik elminə dəyərli töhfələr verəcəkdir.
AMEA-nın vitse-prezidenti, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbibbəyli, YAP-ın Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyev, Ədliyyə nazirinin müavini, general-polkovnik Məhərrəm Əliyev, millət vəkilləri Hadi Rəcəbli, Fazil Mustafa, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Müasir Azərbaycan dili kafedrasının professoru Cəfər Cəfərov,BDU-nun Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, “Zəngəzurun səsi” qəzetinin təsisçisi Yavər Nuruyev və başqaları çıxış edərək professor V.Əliyevin görkəmli dilçi alim, milli ruhlu, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən vətənpərvər ziyalı olduğunu vurğulayaraq ona ən xoş arzularını bildiriblər.
Tədbirdə professor V.Əliyevə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı və “Veteran həmrəyliyi” medalı, həmçinin “Zəngəzurun səsi” qəzetinin fəxri diplomu təqdim edilib.
Sonda professor V.Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da professor Vilayət Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilibADPU-da professor Vilayət Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilibADPU-da professor Vilayət Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər