Bu il məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib

Bu il məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib Bu il 1214 nəfər məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasındaüstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.
Bu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən məcburi köçkünlərdən özünüməşğulluq fəaliyyətini və ailə əməyinə əsaslanan kiçik biznesini qurmaq üçün potensialları olan 1214 nəfər proqrama cəlb edilib.
Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Artıq əksər hissəsi kursları uğurla başa vuraraq biznes planlarını müdafiə ediblər. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün yaxın günlərdə aktivlər veriləcək.
Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayının artacağı gözlənilir.
Məcburi köçkünlərin məşğulluğunun təmin olunması işlərinin davamı kimi, 2018-ci ilin yanvar-avqust aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib. 36 nəfər məcburi köçkün ödənişli ictimai işlərə, 174 nəfər məcburi köçkün isə peşə hazırlığına cəlb olunub.

Tehsil-press.az

Oxşar xəbərlər