“UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellierdə çətinlik çəkmədim”

“UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellierdə çətinlik çəkmədim” “UNEC-dən dünyaya” layihəsi davam edir. Layihənin budəfəki müsahibi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) mühasibat uçotu və audit ixtisası üzrə tələbəsi Məsmə Abbasovadır. M.Abbasova UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsilini Fransada davam etdirir.
UNEC NEWS Məsmə Abbasova ilə müsahibəni təqdim edir:
-Məsmə, ikili diplom proqramına qoşulmaq hansı zərurətdən yarandı və sizə hansı üstünlüyü qazandıracaq?
- İkili diplom proqramına qoşulmağımın ən böyük səbəbi məzun olduqda yalnız UNEC-in deyil, həm də Montpellier Universitetinin bakalavr diplomunu əldə edə bilmək şansıdır. 4 il ərzində həm Azərbaycanın, həm də Avropanın nüfuzlu universitetinin diplomunu qazanacam, bu mənim üçün böyük üstünlükdür. Əminəm ki, gələcəkdə hər iki universitetin qazandırdığı bilik və əldə etdiyim diplomlarla uğurlu karyera qura biləcəm.
-İkili diploma qoşulmaq üçün hansı prosedurlardan keçdin, problemin oldumu?
- Xeyir, olmadı. UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramı 3 ildir ki, davam edir, hətta ilk məzunları da oldu. Ona görə də hər kəs kifayət qədər məlumatlı idi. Proqrama qoşulmaq üçün öncə CV və transkriptimi təqdim etdim, daha sonra müsahibə mərhələsinə çağırıldım. Müsahibəni uğurla verdiyim barədə məlumat aldıqdan sonra isə proqramın təşkilatçıları, valideynlər, həmçinin keçən il həmin proqramda iştirak etmiş tələbələrin iştirakı ilə universitetdə görüş keçirildi. Görüşdə bizi narahat edən məqamlara da aydınlıq gətirmək fürsətimiz oldu. Daha sonra isə Fransa səfirliyinə uzunmüddətli tələbə vizası üçün müraciət etdim, səfirlikdə isə artıq UNEC-i və bizi tanıyırdılar, ona görə də geriyə sadəcə lazım olan sənədləri yığmaq qalırdı.
-UNEC-lə Montpellier universiteti arasında hansı oxşarlıq və fərqliliklər var?
- Əvvəla onu deyim ki, Avropa ilə Azərbaycandakı təhsil sistemi tamamilə fərqlidir. Bu fərq yalnız ali təhsildə deyil, orta məktəb səviyyəsində də hiss olunur. Şagirdlərə araşdırma qabiliyyəti, qrupla işləmək vərdişi məktəb illərindən aşılanır, biz isə bu sistemə hələ yeni-yeni keçirik. Həmçinin dərs saatlarının az olması, daha yığcam şəkildə keçirilməsi, imtahanların sayının az olması, tələbənin daha çox araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, qaib sisteminin olmaması fərqli cəhətlər arasındadır. Buna baxmayaraq deməzdim ki, UNEC-dəki təhsil səviyyəsi buradakından geri qalır. Başqa fakültələrdə deyə bilmərəm, amma mənim təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimlərinin böyük əksəriyyəti xaricdə təhsil alıb və dərsləri yüksək səviyyədə tədris edirlər. Bu isə İSE tələbələrinin kifayət qədər savadlı və təcrübəli mütəxəssis kimi yetişmələrinə birbaşa təsir edən amillərdəndir.
-Montpellier universitetində daha çox nə xoşunuza gəlir?
-Auditoriyaların daha müasir olması, müəllimlərin texnologiya cəhətdən daha təcrübəli olmaları, dərslərin qısaldılmış formada keçirilməsi çox xoşuma gəlir. UNEC-də semestr ərzində kecdiyimiz, 2 dəfə kollokvium, sessiya imtahanı verdiyimiz, sərbəst iş və seminarlarına hazırlaşdığımız bir çox fənn var ki, fikrimcə gələcək karyeramızda önəmli rol oynamayacaq və mənə görə zaman itkisidir.
-Montpellier universitetinə getdiyin ilk zamanlarda hansı çətinliklərlə üzləşdin? Mühit, dil fərqi, o cümlədən fərqli mədəniyyət sənə necə təsir etdi?
-Çətinlik universitet və dərs baxımından demək olar ki, olmadı. UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellier universitetində fənlər mənə dil cəhətdən rahat gəldi, çətinlik çəkmədim. Xarici tələbələr müxtəlif yaş və millətlərdən olduqlarına görə, ilk zamanlar onlarla ünsiyyət qurmaq çətin idi, amma qrup işlərində iştirak etdikcə bu çətinlik tədricən yox oldu. Burda demək olar ki, hər ölkədən tələbə var və hər tələbə öz mədəniyyətini nümayiş etdirir. Bəziləri ilə ünsiyyət qurmaq asandır, bəziləri ilə isə təəssüf ki, yox. Tələbələr bir-biriləri ilə daha çox qrup işlərində ünsiyyətdə olurlar və eyni, ya da yaxın mədəniyyətdən olanlar isə dərsdən sonra da vaxtlarını birlikdə keçirirlər. Fransızların çoxu ingilis dilində danışmağa üstünlük vermədiklərindən, ilk günlərdə bir az çətinlik çəkirdim, çünki şəhəri tam tanımırdım və orada həll etməli olduğum bəzi sənəd işləri var idi. Amma tez bir zamanda artıq yeni mühitə öyrəşdim.
-Montpellierdə əcnəbi və yerli tələbələrə hər hansı güzəştlər varmı?
-Burada tələbələr üçün çox da böyük güzəştlər yoxdur, amma xüsusi bir təşkilat var ki, oraya müraciət etdikdən sonra yataqxana ödənişində endirim olunur, məbləğin bir hissəsi həmin təşkilat tərəfindən yataqxanaya ödənilir.
-Fransada tələbənin bir aylıq yaşam xərcləri nə qədərdir?
-Məncə, bu sual tələbənin büdcəsini necə bölməsindən və nəyə xərcləməsindən asılı olaraq dəyişir. Aylıq xərc vaxt keçdikcə azalmağa başlayır. Ümumilikdə hər ay büdcədən 30-35 avro market alış-verişinə, 10-15 avro nəqliyyata, 162 avro isə yataqxana kirayəsinə ödənilir.
-Asudə vaxtlarınızı necə keçirirsiniz?
-Fürsətdən istifadə edib Montpellier və Avropanın digər şəhərlərini gəzməyə çalışıram və hər şəhərin məni heyran edən cəhətlərini tapıram.
-Bir azərbaycanlı tələbə kimi ölkəmizi xaricdə necə təmsil edirsiniz?
-Qrupda hər ölkədən tələbə olduğuna görə müəllimlər tez-tez həmin ölkənin mədəniyyəti, yaşam tərzi haqqında suallar verirlər. Mən də bacardığım qədər dolğun şəkildə sualları cavablandırmağa və ölkəmi daha yaxşı şəkildə təmsil etməyə çalışıram.
-UNEC-in 10 tələbəsi hazırda Montpellierdə təhsil alır. Əlaqəniz necədi, dərslərdə bir-birinizə dəstək olursunuzmu?
-Biz 5 nəfər qız eyni yataqxanada qalırıq. Bura gələn ilk gündən bir-birimizə həm dərslərdə, həm də dərsdən kənarda kömək edirik. Digər tələbələrlə də dərslərdə bir yerdə oluruq, əlimizdən gəldiyi qədər, xüsusilə də imtahan vaxtı bir-birimizə dəstək olmağa çalışırıq. Keçən il bura gələn azərbaycanlı tələbələrdən də məlumat alırıq, onlar da öz təcrübələrini bizimlə bölüşürlər.
- İmtahanları necə verirsiniz, çətin deyil ki?
-Montpellier universitetində imtahan sistemi tamamilə fərqlidir. İmtahanlarımız oktyabr-noyabr aylarından başlayıb. Burada UNEC-dən fərqli olaraq dərs saatları və keçilən mövzular daha azdır. Hər dərs üçün 15 saat vaxt ayrılır və tez bir zamanda yekunlaşır. İmtahan yazılı olur və tələbələrə suallar əvvəlcədən verilmir. Hər fənn üzrə maksimum 20 bal verilir. Bəzi müəllimlər qiyməti qrup işləri və imtahana əsasən, bəziləri isə yalnız yazılı imtahana əsasən verirlər. Sonuncu imtahanlarımızı da dekabrın ikinci yarısı verdik. Artıq tətil planları qurmağa başlayırıq.
İmtahanlar bitdiyinə görə çox sevinirəm amma, burada keçirəcəyim vaxt azaldığına görə məyus oluram. Mənim üçün Montpellier çox böyük təcrübə oldu. Burada yeni dostlar tanıdım, əsl tələbəlik həyatı yaşadım. Müxtəlif millətlərin nümayəndəsi olan müəllimlərdən dərs almaq və tələbələrlə eyni qrupda oxumaq imkanını əldə etdim. Bu şəraiti yaratdıqlarına görə valideynlərimə və UNEC-ə minnətdaram!

UNEC-in Mətbuat Xidməti


“UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellierdə çətinlik çəkmədim”

Oxşar xəbərlər