Akdenizin incisi - Doğu Akdeniz Universiteti

Akdenizin incisi - Doğu Akdeniz Universiteti Lefkoşadakı Mövləvi təkkəsini, Quzey Kıbrıs Türk Cümhuriyyəti qurucularından olan Fazil Kiçiyin ev muzeyini ziyarət edib Qazi Mağusaya yollandıq. Səfərimizin məqsədi bu şəhərdə yerləşən, dünyanın ən yaxşı universitetləri ilə rəqabətə hazır olan Doğu Akdeniz Universiteti ilə tanış olmaq idi. Öncədən danışığımıza görə bizi bu Universitetin Azərbaycandan olan tələbələri Toğrul Abbasov və Raul Məsum qarşılayacaqdı. Belə də oldu. Bu istiqanlı həmyerlilərimiz qısa zaman ərzində bizə Universiteti xarakterizə etdilər. Onların təqdimatında Doğu Akdeniz Universitetinin Quzey Kıbrıs, eləcə də dünyadakı yerini görmək mümkün idi. Onlarla birlikdə Universitetin kampuslarını gəzdik, müəllimlərlə həmsöhbət, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla, sonda isə tibb fakültəsi ilə tanış olduq. Qeyd edim ki, Toğrul və Raul Universitetin magistratura şöbəsində təhsil alırlar. Onlar Quzey Kıbrısın ictimai həyatında, eləcə də Azərbaycanın bu ölkədəki diaspor təşkilatının fəaliyyətində yaxından iştirak edirlər. Tələbələrin ictimai fəallığı Universitetin, eləcə də ölkə rəhbərliyinin diqqətindədir. Toğrul və Raulun təşəbbüsü ilə yaradılmış Tələbə Gənclər Təşkilatı İctimai Birliyi artıq Quzey Kıbrısın dövlət strukturları tərəfindən də qeydiyyata alınıb. Onlar tələbələrin ölkə həyatının müxtəlif sahələrində fəal iştirakına dəstək verir, maraqlı layihələrlə çıxış edir, Azərbaycan-Quzey Kıbrıs əlaqələrinin inkişafına tohfə verən tədbirlər gerçəkləşdirir və ya ardıcıl olaraq bu istiqamətdə keçirilən tədbirlərə qoşulurlar.
Doğu Akdeniz Universiteti şəhər içərisində bir şəhərə bənzəyir. Bu Universitet Quzey Kıbrısda həyata keçirilən qlobal təhsil siyasətinin tərkib hissəsini təşkil edir desəm yanılmaram. Universitet şəhərciyini elm aləminin məşhur simalarının adını daşıyan küçələr, yaşıl xiyabanlar, bir-birindən fərqli arxitekturaya malik olan kampuslar, idman kompleksləri, idman salonları, texnoloji mərkəzlər, ekoloji meydançalar, yurt kompleksləri, Rauf Denktaş adına Mədəniyyət və konqres mərkəzi, tədqiqat mərkəzlərinin yerləşdiyi binalar bəzəyir. Bu Universitet Quzey Kıbrısın qədim tarixi üzərində dayanan və onun tarixini bugününə, bugününü sabahına daşıyan bir elm məbədini xatırladır. Burada özünü, sözün həqiqi mənasında bir elm adasında hiss edirsən. Universitet rəhbərliyinin tapşırığı ilə bizi müşaiyət edən Toğrul və Raulla birlikdə Doğu Akdeniz Universitetinin “elmə açılan qapısı” hesab etdiyim kitabxanasına yollanırıq.
Özay Oral kitabxanası
Doğu Akdeniz Universitetinin kitabxanası özünün zəngin kitab fondu, müasir informasiya-kommunikasiya avadanlıqları ilə təchizatı, çoxsaylı oxucu auditoriyası ilə seçilir. Kitabxana Universitetin adı qürurla çəkilən məkanlarından biridir. Kitabxananın qürur duyduğu ən önəmli fakt isə uzun illər ölkəyə rəhbərlik etmiş dünya şöhrətli dövlət xadimi Rauf Denktaşın kitabxananın aşılışında iştirak etməsidir. Universitetin kollektivi bununla fəxr edir. Bu gün kitabxana tələbələrin ən sevimli məkanına çevrilib. Buranın mühiti tələbələri öz qoynuna alıb onlara elmin sirlərinə yiyələnmək yollarını aşılayır. Kitabxananın iş sistemi ən müasir texniki avadanlıqların mövcudluğuna rəğmən müasir tələblər səviyyəsində nizamlanır. Müasir texniki avadanlıqlar tələbə və elmi araşdırmaçıların axtardıqları informasiyanı qısa bir zamanda əldə etmələrinə imkan verir. Kitabxanada fəaliyyət göstərən Ümumi kitab kolleksiyası, İnformasiya resursları şöbəsi, Dövri nəşrlər şöbəsi, İnformasiya bazası, Audio vizual, Audio-video materiallar, özəl kolleksiyalar bölməsi, Kıbrıs guşəsi, Nevzat Karagil kolleksiyası, Avropa Birliyi Sənədləşmə Mərkəzi, Musiqi kitabxanası, Nadir əsərlər kolleksiyası, ümumilikdə 200 minə yaxın kitab fondu oxucuların sərəncamındadır. Kitabxananın malik olduğu fond elmin bütün sahələri üzrə araşdırma aparanlar üçün müvafiq ədəbiyyata malikdir. Hər hansı bir ədəbiyyatı kitabxanada əldə etmək mümkün olmasa belə, kitabxananın malik olduğu beynəlxalq əlaqələr, eləcə də internet üzərindən, “Kütləvi kitabxana abunə xidməti” vasitəsilə onu tapmaq mümkündür. Kitabxana üzv olduğu “Onlayn məlumat” şöbəsi vasitəsilə on minlərlə qəzet və jurnal, kitab, tədqiqat işini tələbələrin masası üzərinə gətirə bilir. Tələbələr bu şöbənin imkanlarından kitabxanadan kənarda da kitabxananın web səhifəsinə daxil olmaqla yararlana bilərlər.
Qeyd edim ki, kitabxana professor doktor Özay Oralın adını daşıyır. Özay Oral Doğu Akdeniz Universitetinin rektoru olub. Dünyanın aparıcı texniki təşkilatlarından biri olan Elektrik və Elektronika Mühəndisləri İnstitutu (IEEE) tərəfindən nüfuzlu “Həyat boyu təhsil” beynəlxalq mükafatına layiq görülmüş professor Özay Oral Doğu Akdeniz Universitetinin inkişafında müstəsna rol oynayıb. Məhz onun rektorluğu zamanında - 1992-ci ildən 2003-cü ilədək Universitet dünya universitetləri ilə rəqabət apara biləcək modern bir ali təhsil qurumu halına gəlib. Müasir standatrlara cavab verən kampuslar yaradılıb, tələbə sayı 3000-dən 15000-ə çatdırılıb, Universitetdə aspirantura və doktorantura proqramları fəaliyyətə başlayıb.
Professor Özay Oral Orta Doğu Texnik Universitetinin doktoranturasını bitirdikdən sonra İngiltərənin Mançester Universitetində, ABŞ-ın Kaliforniya Ştatının Berkley Universitetində dərs deyib, elmi-tədqiqat işi ilə məşğul olub. O, hələ 1978-ci ildə TÜBİTAK-ın “Teşvik”, 1985-ci ildə isə “Bilim” mükafatını alıb. Professor Oral 5 il ərzində Türkiyəni NATO-nun Bilim ve Teknoloji panellerinde Avropanın müxtəlif ölkələrində təmsil edib.
Doğu Akdeniz Universitetinin tarixi 1979-cu ildən başlanır. Beynəlxalq akkreditasiyalara, əlaqələrə malik olan bu ali təhsil ocağının tələbələri tərəfdaşlıq və təcrübə mübadiləsi layihələri çərçivəsində təhsillərini Avropanın və Amerikanın ali təhsil ocaqlarında davam etdirə bilirlər. Bütün bunlar Universiteti Quzey Kıbrısın ən reytinqli universitetləri sırasında saxlamaqla, eyni zamanda onun dünya universitetləri arasında özünə yer tutmasına yol açır. Diqqət yetirək: Quzey Kıbrısın ən reytinqli universitetlərindən hesab edilən və ilk dövlət ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universiteti nəzdində ingilis dilinin öyrədilməsi üzrə hazırlıq fakültəsi, kollec və uşaq bağçası fəaliyyət göstərir. Universitet öz tələbələrinin təhsil zamanı, həmçinin təhsillərini başa vurduqdan sonra Kuzey Kıbrısda, Avropada, Amerikada ixtisaslarına uyğun iş əldə etmələrinə də şərait yaradır. Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi, Aralıq Dənizi Universitetlər Birliyi, İslam Ölkələri Universitetlər Federasiyasının İdarə Heyətinin üzvü olan DAÜ Amerikada texniki və mühəndislik proqramlarıına nəzarət edən ABET-dən ekvivalentlik sənədi alıb. Bu, mühəndislik ixtisaslarına aid olan dünyanın ən nüfuzlu ekvivalentliyidir. Türkiyədə bu ekvivalentlik DAÜ-dan başqa yalnız Orta Doğu Texnik, Bilkənt, İstanbul Texnik və Boğaziçi Universitetlərinə verilib. DAÜ-nün Biznes və İqtisadiyyat Fakültəsi Türkiyənin ancaq üç universitetinin üzv olduğu EFMD və AACSB-yə üzvüdür. DAÜ-nün Turizm və Mehmanxana İşi Ali Kollecinin turizm sahəsində tək qurum olan TEDQUAL-dan, Sənaye və İqtisadiyyat fakültəsinin, Turizm, Kompyuter və Texnoloji Yüksək okulunun FİBBA-dan, Təhsil fakültəsinin ingilis dili müəllimliyi bölümünün QAS-dan alınmış akkreditasiyası var. Kompyüter və Texnoloji Yüksək Okulu həmçinin Kompyüter Texnologiyası və İnformasiya Sistemləri Proqramı ASIIN akkreditasiyasına malikdir. Xarici Dillər və İngiliscə Hazırlıq Okulunun isə EDEXCELdən akkreditasiyası var. Sənaye və İqtisadiyyat fakültəsi Türkiyədə yalnız üç universitetin üzv olduğu AACSB-yə üzvdür. DAÜ YÖK sisteminə daxil edilən universitetlər arasında bu tanınmaya sahib olan yeganə universitetdir. DAÜ dünyanın 150-yə yaxın universiteti ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb. Beynəlxalq əlaqələrinin yaradılması, dünyanın qabaqcıl texnologiyalarının tətbiq olunması, tələbələrin yaradıcılıq potensiallarını, elmi tədqiqat imkanlarını meydana qoyan mühitin formalaşdırılması, pedaqoji kadr heyəti sırasının ən yaxşı müəllimlərlə gücləndirilməsi universitetin “möhkəm dayaqlarını” yaradırdı. Bugünkü inkişaf mərhələsi də məhz həmin dayaqlar üzərində dayanır desəm, doğru olar. Bu gün Doğu Akdeniz Universitetində dünyanın 106 ölkəsindən 20 min tələbə təhsil alır. Bu Universitet qapıları bütün dünyaya, elmə açıq olan bir təhsil ocağıdır. Qazi Mağusa yalnız onu fiziki olaraq öz qoynunda saxlayır. O, dünyanın, dünya elminin, təhsilinin, mədəniyyətinin bir parçasıdır. Qazi Mağusa Ağ dənizin mirvarisi olduğu kimi, Akdeniz Universiteti də Qazi Mağusanın incisidir. Bu Universitet sanki bu ölkənin dünyadakı səsidir. Onu Özay Oral kitabxanasında, kitabxananın nadir əlyazmaları arasında, universitetdə aparılan tədqiqat işlərinin məzmununda, qlobal miqyasında, nəhayət dünyanın dörd bir yanından gəlmiş tələbələrin, müəllimlərin simasından duymaq mümkündür. Bu Universitetdə əmin olursan ki, öz tutduğu yolun doğruluğuna inanıb irəliləyənlər məqsədə nail ola bilirlər.
Universitetin Tələbə Mübadiləsi Proqramı
Doğu Akdeniz Universiteti hal-hazırda dünyanın 13 ölkəsinin ali məktəbi ilə Tələbə Mübadiləsi Proqramı həyata keçirməkdədir. Böyük uğurla tətbiq olunan bu proqram, əməkdaşlıq çərçivəsində hər bir tələbəyə Amerika, Kanada, İtaliya, Avstriya, Cənubi Koreya, Çin kimi ölkələrdə təhsil almaq, bu ölkələrin böyük şirkətlərində təcrübə keçmək imkanları yaradılır. Şübhə yoxdur ki, bu proqram tələbələrin yüksək səviyyəli mütəxəssis kimi yetişməsinə, onların dünyanın qloballaşan mühiti ilə ayaqlaşmasına, eyni zamanda gələcək karyeralarının təməllərinin yaradılmasına yol açır. Maraqlı cəhət burasıdır ki, Doğu Akdeniz Universiteti özü də tələbələrin maraq göstərdiyi bir universitetə çevrilmək yolunda çalışmalarını bir gün də olsun dayandırmır. Əgər bu gün bu universitetin tələbələri adlarını qeyd etdiyimiz ölkələrin ali təhsil ocaqlarında təhsillərini davam etdirmək üçün səy göstərirlərlə, həmin ölkələrdən də tələbələr Doğu Akdeniz Universitetinə can atırlar. Bunu Universitetdə təhsil alan əcnəbi tələbələrin sayından da gömək olar. Yaradılan imkanlar sayəsində əcnəbi tələbələrin sayı ildən ilə artmaqdadır.
Ardı var.

Böyükağa MİKAYILLI,
Quzey Kıbrıs, Qazi Mağusa

Oxşar xəbərlər