Azərbaycanın və Batuminin universitetləri arasında tələbə mübadiləsi elm, təhsil əlaqələrinin inkişafına təkan verəcək

Azərbaycanın və Batuminin universitetləri arasında tələbə mübadiləsi elm, təhsil əlaqələrinin inkişafına təkan verəcək Azərbaycanın və Batuminin universitetləri arasında tələbə mübadiləsi ölkələrimizin dostluq münasibətlərinin genişlənməsi ilə yanaşı, elmin və təhsilin də inkişafına təkan verəcək.
Bu sözləri Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşdə deyib.
Baş konsul Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. O, universitet ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Bildirib ki, universitetlər arasında tələbə mübadiləsi mühüm əhəmiyyətə malikdir. Tələbə mübadiləsi mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır. O, Batumi Dövlət Universitetində Heydər Əliyev-Azərbaycanşünaslıq Mərkəzinin, Acarıstan-Naxçıvan Muxtar Respublikası Dostluq Auditoriyasının, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında Anlaşma Memorandumunun dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğu qeyd edib.
Universitetin rektoru, professor Merab Xalvaşi ali təhsil ocağının yaranma tarixi, fəaliyyəti, mütəxəssis hazırlığı barədə məlumat verib. Bildirib ki, azərbaycanlı diplomatın bu təhsil ocağı ilə yaxından dostluq etməsi ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Bu cür görüşlər universitetin professor, müəllim və tələbə kollektivləri tərəfindən yüksək qiymətləndirilir.


Oxşar xəbərlər