“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” Uluslararası Final Universiteti - qlobal rəqabətə doğru
Professor doktor Abdullah Yücel Öztoprakla, pəncəsindən Quzey Kıbrısın bərəkətli torpaqları görünən kabinetində görüşdük. Girnə şəhərinin br neçə kilometrliyində-Çatalköydə yerləşən Uluslararası Final Universiteti (UFU) yaraşıqlı binası ilə bərq vurub uzaqdan diqqəti cəlb edir. Düşünürəm, görəsən, bu parlayan yaraşıqlı binada tədris, mütəxəssis hazırlığı, gələcəyin kadrının yetişdirilməsinə yanaşma onun uzaqdan gözqamaşdıran parıltısı kimidirmi?
Final Egitim Kurumları və DMG-Akgünler qrupu tərəfindən yaradılan bu ali təhsil ocağı qısa bir zamanda Quzey Kıbrıs ictimaiyyətinin diqqətini cəlb edib. Türkiyənin təhsil markalarından biri olan Final 40 ilə yaxındır ki, təhsil sferasında fəaliyyətini davam etdirir. Bu günə qədər 3 milyon yarım məzunu olan Final məktəbləri təhsil almaq üçün xəyalları gerçəkləşdirən ən yaxşı məktəblər şəbəkəsi kimi diqqət çəkməkdədir. Finala mənsub olan məktəblərdə 12 minə yaxın müəllim çalışır. Final Türkiyənin jurnal və kitab çapı sənayesində də özünəməxsus yer tutmaqdadır.
Universitetin digər qurucusu olan DMG-Akgünler Grubu 1978-ci ildə “Akgünler Turizm” adı ilə fəaliyyətə başlayıb. Qısa zamanda Quzey Kıbrısın turuzm sahəsində aparıcı şirkətlərindən birinə çevrilən “Akgünler Turizm” ölkənin ictimai, mədəni həyatında önəmli yer tutmaqdadır.
Professor Abdullah Öztoprak 2015-ci ildə, Universitetin yaradılması ilə eyni zamanda buraya rektor təyin olunub. O zamana kimi isə o, Doğu Akdeniz Universitetinə rəhbərlik edib, Universitetin inkişafında müstəsna xidmətlər göstərib. Abdullah bəy dəfələrlə Azərbaycanda, Bakıda olub. Bu səbəbdən ölkəmizlə bağlı zəngin təəssüratlarını da dilə gətirib, Azərbaycanlı dostlarından məmnunluq hissi ilə bəhs etdi, xatirələrini söylədi.
O, maraqlı müsahib idi. Quzey Kıbrısın bugünkü təhsil mühiti onun gözləri qarşısında formalaşıb, inkişaf edib. Bu prosesə Abdullah bəy də fəal qoşulub, ölkədə ali məktəb quruculuğu işinə öz bilik və bacarığı, təcrübəsi ilə töhfəsini verib. Bu gün Universitet Quzey Kıbrısın – “Təhsil adası”nın dünyaya açılan universitetlərinin cərgəsində addımlamaqdadır. Universitet 2018-2019-cu dərs ilində bakalavr pilləsində 7 fakültə və 2 magistr bölməsində 19 proqramla fəaliyyətini davam etdirməkdədir.
Söhbətimizin əvvəlində rektor rəhbərlik etdiyi ali təhsil ocağının missiyasından bəhs etdi. Bu missiya dünyanın ən yaxşı universitetləri ilə rəqabətə qoşulmaq, ən yaxşı mütəxəssis hazırlığına nail olmaq istəyindən qaynaqlanır. Onlar öz məzunlarını həm şəxsiyyət, həm də mütəxəssis kimi yaxşıların cərgəsində görməyi arzulayır və fəaliyyətlərini bu arzu, bu istək üzərində qururlar. Bunu Abdullah bəyin hər kəlməsindən hiss etmək mümkün idi. Universitetin laboratoriyalarından tutmuş, idman zalına qədər hər yerdə tələbələrin elmi, intellektual inkişafının, fiziki, mənəvi sağlamlığının ön planda dayandığı aydın görünürdü. Bu da labüddür. İnsan mənəvi cəhətdən sağlam olduğu halda, mükəmməl mütəxəssis kimi formalaşa bilər. Abdullah Öztoprak, biz öz ənənələrimizə, intellektimizə və dünyanın, eləcə də Türkiyənin, Quzey Kıbrısın qabaqcıl təhsil təcrübəsinə söykənib, dünya ilə ayaqlaşa biləcək bir ali təhsil ocağı qura biləcəyik, deyə söhbətinə davam edir.
Professor Abdullah Öztoprakın sözlərindən bəlli olur ki, Universitetin qarşısına qoyduğu ən başlıca vəzifə beynəlxalq aləmdə öz işi, nailiyyətləri və təcrübəsi ilə tanınmaqdır. Müasir dünyanın elm və təhsil düzənində genişmiqyaslı işlər həyata keçirilir. Universitetlər, onların elmi kadr heyəti, malik olduqları laboratoriyalar dünya elminə öz layiqli töhfələrini verməyə çalışırlar. Dünyada məhz bu missiyanı yerinə yetirməyi bacaran universitetlər diqqət çəkirlər. Uluslararası Final Universiteti də elə məzunlar yetişdirməyi hədəfləyir ki, onlar elmin, sənayenin, ümumiyyətlə həyatımızın ayrı-ayrı sahələrinin inkişafı üçün çalışmağı, elmə töhfə verməyi bacarsınlar. Mən Universitetlə, onun laboratoriyaları, kitabxanası ilə tanış olarkən, müəllimlərlə, tələbələrlə söhbət edərkən də Abdullah bəyin söylədiklərinin təsdiqini görürdüm. Universitetdə fəaliyyət göstərən “Egitim bilimleri”, “Fen edebiyyat”, “Hukuk”, “İqtisadi və idari bilimlər”, “Memarlıq və gözəl sənətlər”, “Mühəndislik”, “Sağlıq bilimləri”, eləcə də magistr pilləsində “Beden eyitimi və idman”, “Turizm və mətbəx sənəti” ixtisası üzrə müxtəlif ölkələrdən, müxtəlif millətlərin nümayəndələri təhsil almaqdadır. Onların hər biri, heç şübhə yoxdur ki, Quzey Kıbrısın dünya təhsilindəki mövqeyinə rəğmən onun universitetlərini seçirlər. Söhbətimizin bu məqamında Universitetdə tibb fakültəsinin yaradılıb-yaradılmayacağı barədə danışırıq. Abdullah Öztoprakın hələ Doğu Akdeniz Universitetində çalışarkən tibb fakültəsi yaradılmasında yaxından iştirak etdiyini və buna nail olduğuna görə, həm də müasir dünyada gənclərin tibb sahəsinə maraq göstərdiklərini bildiyim üçün bu sualı ona ünvanlamışdım. O, qeyd edir ki, tibb fakültəsi yaratmaq, bir universitet yaratmağa bərabərdir. Amma nə qədər çətin olsa da, onlar gələcəkdə tibb fakültəsinin yaradılmasını hədəfləyirlər.
Maraqlı cəhətlərdən biri budur ki, Uluslararası Final Universiteti öz məzunlarının gələcəkdə ixtisasları üzrə işlə təmin edilməsinə nail olacağnı düşünür. Tələbələr məzun olmazdan öncə “İş təminatı sertifikatı” alacaqlar. “İş qarantisi sertifikatı” Bədən tərbiyəsi və idman, ibtidai sinif, riyaziyyat, ingilis dili müəllimliyi, məktəbəqədər, xüsusi təhsil, ingilis və türkcə psixoloq təhsili alanlar, turizim və otelçilik, türk dili müəllimliyi üzrə təhsil alanlara şamil edilir. Abdullah bəyin sözlərindən bəlli olur ki, Final Universitetinin Türkiyədə 400-ə qədər orta məktəbi fəaliyyət göstərir və universiteti müəllimlik ixtisası üzrə bitirənlərin məhz həmin məktəblərdə çalışması nəzərdə tutulur. Bu məktəblər gələcəkdə məzunların real iş yeri olması ilə bərabər, həm də onların təcrübə keçmələri üçün də səmərəli imkanlar yaradır. Abdullah Öztoprak vurğulayır ki, Universitetin malik olduğu beynəlxalq status da qarşılarında əhəmiyyətli imkanlar açır. Artıq biz bu imkanlardan bəhrələnməkdəyik, deyə, rektor vurğulayır. Qısa bir zamanda Universitetdə dünyanın 30 ölkəsindən tələbənin təhsil alması buna sübut ola bilər. O, əcnəbi tələbələrin sayının ildən-ilə artacağı qənaətindədir. “İş qarantiyası sertifikatı”nın verilməsi də Universitetə marağı artırır. Türkiyədən, ərəb ölkələrindən, Afrikadan, Orta Asiyadan gələn tələbələr Beynəlxalq Final Universitetinin həyatına rəngarənglik gətirir, bu ali təhsil ocağını dünya ali təhsil ocaqları şəbəkəsinin bir hissəsinə çevirir. Abdullah Öztoprak vurğulayır ki, Universitetdə, kəmiyyətə deyil, keyfiyyətə önəm verən mükəmməl pedaqoji kadr heyəti yarada bilmişik. Bu komanda Universitetin həyatına dinamika, dünya təhsilinə inteqrasiya imkanları gətirib. Universitetin yaradıcıları təhsil və turizim sahəsində böyük təcrübəyə malik təşkilatlardır. Bu amil də özlüyündə təhsil müəssisəsinin fəaliyyətinə, onun işinin dövrün tələbləri səviyyəsində nizamlanmaslına stimul yaradır. Tələbə üçün elə bir tədris-təcrübə şəraiti yaradılmalıdır ki, o, iş həyatına hazır olsun, çalışacağı müəssisəyə mütəxəssis kimi fayda versin. Təhsil ocağı buna nail ola bilərsə, o tələbəni deyil, tələbə onu axtaracaq. Abdullah Öztoprak diqqətimizi maraqlı bir statistikaya da yönəldir. Bəlli olur ki, dünyanın müxtəlif ölkələrindən gələn tələbələrin ixtisas seçiminə münasibəti fərqlidir. Məsələn: Türk dövlətlərindən gələnlər daha çox sosial işlər, psixologiya üzrə ixtisaslara üstünlük verirlər. Ərəb ölkələrindən, Afrikadan olan gənclər mühəndislik ixtisasına meyl göstərirlər. Türkiyədə müəllimlik ixtisasına tələbat olduğu üçün ingiliscə təhsil alan, Türkiyədə qalıb işləmək arzusunda olan əcnəbi tələbələrə də “İş qarantiyası sertifikatı” verilir.
Universitetdə həyata keçirilən işlər – beynəlxalq əlaqələrin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, pedaqoji kadr heyətinin ən yaxşı müəllimlər arasından seçilməsi, xaricdən ən yaxşı mütəxəssislərin mühazirə oxumaq məqsədi ilə universitetə dəvət olunması, dünyanın ən yaxşı universitetləri ilə rəqabət apara biləcək bir universitet yaradılması ideyasının meydanda olması, fəaliyyətin bu ideya üzərində qurulması, nüfuzlu beynəlxalq sərgilərdə, festivallarda, elmi konfranslarda Universitetin təmsil olunması Beynəlxalq Final Universitetinə marağı artırır. Qeyd edim ki, Universitet özü də beynəlxalq konfransların təşkil olunması və həyata keçirilməsində fəal iştirak edir. Yeri gəlmişkən, həmin konfranslardan birinin gündəliyi ilə tanış olmaq imkanı əldə etdim. Girnə şəhərində 04-08 may 2018-ci ildə təşkil olunmuş bu beynəlxalq elmi konfrans riyaziyyat və mühəndislik məsələlərinə həsr olunmuşdu. Hazırda Universitetin Azərbaycan, Çin, Almaniya, Fransa, Türkiyə universitetləri ilə geniş əlaqələri var. Fransada Avropanın turizm sahəsində ən məşhur universitetlərindən biri fəaliyyət göstərir. Bu kimi universitetlərin fəaliyyəti də onlar üçün təcrübə məktəbi olacaq.
Abdullah Öztoprakın sözlərinə görə, elmi tədqiqat işləri ilə məşğul olan müəllimlərə Universitet tərəfindən bir sıra imtiyazlar nəzərdə tutulur. Müəllimlər beynəlxalq konfranslarda Universitetin maliyyə yardımı ilə iştirak edirlər. Onlar qısa zaman ərzində bir çox ölkələrdə nüfuzlu elmi konfranslara maraq doğuran çıxışları ilə qoşulublar. Universitetin müəllimlərinin, eyni zamanda dünyanın nüfuzlu jurnallarında elmi məqalələri dərc olunur. Universitet yaxın gələcəkdə beynəlxalq akkreditasiyalar əldə etmək üçün bütün mümkün imkanlardan istifadə edəcək.
Bəs Universitetdə dərsliklər və laboratoriyaların texniki təchizatı hansı səviyyədədir sualıma Abdullah bəy faktlarla cavab vermək arzusunda olduğunu dilə gətirir və bundan sonra biz universitetlə tanışlığımızı əyani olaraq davam etdiririk. Universitet zəngin kitabxanaya malikdir. Burada tələbələr də dərsdən sonra çalışırlar. Kitabxananın fəaliyyəti haqqında onlardan eşitmək həm maraqlı, həm də məqsədəuyğun idi. Öncə onu qeyd edim ki, kitabxana TÜBİTAK-ın (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu), eləcə də ANKOS və ULAKBİM-in üzvüdür. Bu üzvlüklər kitabxananın qarşısında yeni imkanlar açır, onun Türkiyədə, həmçinin dünyada nəşr olunan yeni əsərlərin əldə edilməsinə imkan yaradır. Bununla yanaşı, kitabxanada bütün kitabların elektron kataloqu yaradılıb. Dünyanın istənilən yerindən internet vasitəsilə həmin kataloqa daxil olub universitetin kitabxanasında istənilən kitabı oxumaq mümkündür.
Universitetdə fəaliyyət göstərən klublar və cəmiyyətlər barədə də tələbələrdən eşitmək olduqca maraqlıdır. Onlar çox şövqlə danışır və üzv olduqları birlikləri bir-birindən maraqlı cəhətlərinə görə xarakterizə edirdilər. Diqqətimi cəlb edən məqamlardan biri klub və cəmiyyətlərin sayının çoxluğu idi. Düşünürəm ki, universitet rəhbərliyi bu addımı atmaqla, bütün tələbələrin asudə vaxtlarının maraq və bacarıqlarına, arzu və istəklərinə uyğun təmin olunması qayğısına qalıb. Diqqət yetirək: “Radio”, “Texnologiya”, “Fotoqraf”, “Kino”, “Musiqi”, “İngiliscə danışıq”, “Birləşmiş Millətlər Modeli”, “Sosial yardım və Xeyriyyə”, “Əl işləri və rəsm”, “Teatr”, “Şahmat”, “Türk dili”, “Rəqs”, “Turuzm və mətbəx sənətləri”, “Psixologiya”, “Məktəbəqədər”, “Bilyard” klub və cəmiyyətləri tələbələrin ən sevimli asudə vaxt məkanlarıdır. Rektor Abdullah Öztoprakın vurğuladığı sözləri xatırlayıram: “Bizim üçün mütəxəssis hazırlığı əsasdır. Amma ondan da əsas olan bir məqam var. Bu, yetişdirdiyimiz mütəxəssislərin mənəvi hazırlığı, dünyaya baxışları, insanlıq mövqeyində tutduqları yerdir. Biz bu hissləri, duyğuları yetirmələrimizə aşılamalıyıq ki, onları həm cəmiyyətimizin, həm də özlərinin gələcəyinə hazırlayaq.” Biz dünyanı ürəyimizlə, ruhumuzla duyuruq. Bunun üçün bizim təhsil almağımızdan öncə, aldığımız təhsilin mahiyyətini dərk etməyimiz, övladlarımıza, şagirdlərimizə mənəvi dəyərləri aşılamağımız, dünyaya öz “qəlblərinin gözü” ilə baxmağı, ürəkləri, arzuları hiss etməyi öyrətməyimiz vacibdir. Fərqi yoxdur o, şagirddir, ya tələbədir. Biz öyrətməliyik.
Söhbətimizin sonunda Uluslararası Final Universitetinə tələbə qəbulu qaydalarından bəhs etdik. Bizim üçün maraqlı olan xarici tələbələrin qəbulu qaydaları idi. Abdullah Öztoprak qeyd edir ki, öz ölkəsinin qəbul imtahanlarında kifayət qədər bal toplaya bilməyən abituriyentləri Universitetə qəbul etmirik. Çünki onların gələcəkdə təhsil almaları özləri üçün çətinlik yaradacaq, digər tərəfdən isə məzun olduqları zaman ölkələrində diplomları tanınmayacaq. Qeyd edim ki, Uluslararası Final Universiteti tələbələrinin təhsil müddətində əldə etdikləri nailiyyətlərinə əsasən burs qazanmaq imkanları da var. Bu da öz növbəsində Universitetə tələbə marağını artran, həmçinin təhsil ocağının gələcək uğurlarına yol açan, onun humanist mövqeyini meydana qoyan amil kimi dəyərləndirilə bilər.

Böyükağa MİKAYILLI
Bakı-Girnə-Bakı

Oxşar xəbərlər