UNEC ilə Atılım Universiteti arasında memorandum imzalanıb

UNEC ilə Atılım Universiteti arasında memorandum imzalanıb Türkiyənin Atılım Universitetinin rektoru, professor Yıldırım Üçtuğ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev, universitetin müvafiq struktur rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə A.Rzayev UNEC barədə ətraflı məlumat verərək, beynəlxalq əlaqələrin genişləndirilməsinin universitetin strateji hədəflərindən olduğunu qeyd edib. UNEC-in dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları reallaşdırdığını və əməkdaşlıq etdiyini diqqətə çatdıran prorektor, bu istiqamətdə Türkiyə universitetləri ilə də əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. UNEC-in ölkədə Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayıb.
UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan Qış məktəbində professor-müəllim heyətinə təlim keçmək məqsədilə Azərbaycana səfər etdiyini bildirən professor Yıldırım Üçtuğ UNEC-də olmaqdan məmnunluğunu ifadə edib. Təlim zamanı universitetin professor-müəllim heyətinin yüksək pedaqoji potensialını müşahidə etdiyini vurğulayan rektor, UNEC-lə təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağını bildirib. Rektor Atılım universiteti barədə qısa məlumat verib. Bildirib ki, universitet fəaliyyət göstərdiyi qısa zaman ərzində “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub.
Sonra UNEC və Atılım Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Görüşdən sonra rektor Y.Üçtuğ UNEC-in tədris binası, maddi texniki bazası, UNEC Ekstern mərkəzi, 24/7 kitabxanası ilə tanış olub.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər