ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib.
Universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib:
“Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaq nöqtələrindən bugünə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazın gəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsi deməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində – Şuşada, Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda – bütün Azərbaycan vilayətlərində, məskənlərində illər, əsrlər boyu qeyd etmişik və öz dostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır. Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökm sürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Məlum olduğu kimi Azərbaycan Dillər Universitetində bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri bir mədəniyyəti əks etdirir. Bu baxımdan, bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardan biri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”.
Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edib ki, Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədə öyrənilir: “Bu, mənim Azərbaycanda səfirlik fəaliyyətimdə ilk çıxışımdır. Bundan sonra da universitetin təklif etdiyi bütün tədbirlərdə iştirak edəcəyəm. Çünki görürəm ki, ispan dili universitetdə yüksək səviyyədə təbliğ olunur. Əlbəttə, bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır. Biz də bu yolla öz xalqımızı yaxşı təmsil edə bilərik”.
İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani “Multikultural Novruz bayramı” mərasiminin təşkilini yüksək qiymətləndirib. O, Azərbaycan Dillər Universitetinin ölkənin ən tanınmış universitetlərindən biri olduğunu vurğulayıb, Azərbaycanın gənc nəslinin dünyanın bütün ölkələri ilə dostluq əlaqələri qurmasının vacibliyinə diqqət çəkib.
Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunu bildirib. Səfir əlavə edib ki, dil vasitəsilə biz özümüzü ifadə edir, dünyada əlaqələr qururuq: “Aydın görünür ki, tələbələr təmsil etdikləri dili çox yüksək səviyyədə nümayiş etdirirlər. Mənim üçün Azərbaycanda Novruz bayramını qeyd etmək böyük şərəfdir. Biz burada mədəniyyətləri bölüşürük. Mədəniyyət və dil bizi qardaş ölkələr olaraq birləşdirir”.
Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Novruzu mədəniyyətləri bir-birinə bağlayan bayram kim dəyərləndirib.
ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mişel Peterson, Yaponiyanın ölkəmizdəki səfirinin müavini, Mədəniyyət və təhsil işləri üzrə şöbə müdiri Usui Takaaki, Fransanın ölkəmizdəki səfirliyinin baş məsləhətçisi Dominik Janti, Meksika səfirinin müavini Alberta Aura Qonzales, Norveçin ölkəmizdəki müvəqqəti işlər vəkili Olav Nils Thue, İspaniyanın müvəqqəti işlər vəkili İgnacio Sanchez Taboad, Çin Xalq Respublikası səfirliyinin əməkdaşı Van Cuenqan, Kosta Rikanın müvəqqəti işlər vəkili Xairo Lopez Bolanos Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizmə böyük töhfələr verdiyini bildiriblər. Qonaqlar müxtəlif ölkələrin adət-ənənələrinin nümayiş olunduğu tədbirin təşkilinə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkürlərini bildirib, bayram münasibətilə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzu ediblər.
Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus milli rəqsləri uğurla ifa edib, mahnılar oxuyublar.
Təntənəli mərasimin sonunda qonaqlar Novruz süfrəsinin təamlarını dadıblar.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər