ADU-da “Sanskrit dili qədim və zəngin dil kimi” mövzusunda seminar keçirilib

ADU-da “Sanskrit dili qədim və zəngin dil kimi” mövzusunda seminar keçirilib Azərbaycan Dillər Universitetində (ADU) “Sanskrit dili qədim və zəngin dil kimi” mövzusunda seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun hind dili müəllimi Roopali Sinha bütün dillərin kökünün sanskrit dili ilə bağlı olduğunu vurğulayıb və əlavə edib ki, bu dil Hind-Avropa dilləri qrupunda önəmli yer tutur. R.Sihna qeyd edib ki, hind xalqı da Novruz bayramını qeyd edir: “Biz də həmçinin sizin kimi Novruz bayramını qeyd edirik. Və sizin də bu bayramı qeyd etdiyinizi görəndə bu, məni çox sevindirdi, öz ölkəmi xatırladım”.
Tədbirdə sanskrit dilinin növlərindən danışılıb, hind dilində istifadə olunan bir çox sözlərin tələffüzləri və mənalarının izahı verilib. Həmçinin bildirilib ki, bu dil yaranan gündən indiyə kimi dəyişikliyə uğramayıb və bu, bir çox dilçi tərəfindən alqışlanır.
Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana seminarın böyük önəm kəsb etdiyini söyləyib, sanskrit dilinin faydalarından danışıb. Vurğulayıb ki, hələ də bu dili öyrənməkdə problemlər mövcuddur, hind dilini yaxşı öyrənmək üçün sanskrit dilini dərindən mənimsəmək vacibdir.
Seminarda Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov müəllifi olduğu “The East in Voltaire’s work” adlı kitabı Hindistan səfirinə təqdim edib. Seminar müzakirələrlə yekunlaşıb.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər