BSU-da “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib

BSU-da “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib Bakı Slavyan Universitetində (BSU) Turan Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib. Konfransın əvvəlində iştirakçılar Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə gül dəstəsi düzüblər.
Konfransı giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov illərdir mənfur ermənilərin dünya ictimaiyyətinə “erməni soyqırımı” kimi tanıtdıqları saxta tarixin gənc nəslə düzgün izah edilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, tarix boyu qəsbkar ermənilərin türk torpaqlarında məskunlaşması, türk xalqlarına qarşı törətdikləri soyqırım aktları alimlərimiz tərəfindən ciddi araşdırılıb xalqa təqdim olunmalıdır.
Sonra söz alan Turan Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl “Saxta erməni soyqırımı” movzusunda məruzə edib. O, bir əsrdən artıq bir dövrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edib. C.İsmayıl ermənilərin bəşəriyyətə sığmayan yalanlarla türklər haqqında dünyada mənfi fikir formalaşdırdığını diqqətə çatdırıb və hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu vurğulayıb.
Konfrans çərçivəsində “Tarixini unutma-erməni terrorizminin tarixi” adlı filmin nümayişi olub. Nümayişin ardından konfrans öz işini müzakirələrlə davam etidirb.
Millət vəkili Adil Əliyev mövzunun aktuallığına toxunaraq Bakı Slavyan Universitetinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik konfranslara daim ev sahibliyi etməsini yüksək qiymətləndirib və universitet rəhbərliyinə minnətdarlıq edib. O, tarixi əsası olmayan qondarma erməni soyqırımı haqqında cəfəng fikirlərə qarşı A.Əliyev Milli Məclis tərəfindən mühüm işlər görülməsindən, həmçinin dövlətin idman və gənclər, ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətdən danışıb.
Türkiyənin Azərbaycandakı təhsil müşaviri Mahmud Ağırman çıxışında XIX əsrdə Türkiyənin Ərzurum bölgəsində ermənilərin törətdikləri soyqırıma diqqət çəkib. M.Ağırman bu qətliamı erməni millətçilərinin tarix boyu terrorizmlə məşğul olmasının faktı kimi qeyd edib.
Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü, tanınmış yazıçı Yunus Oğuz öz çıxışında saxta erməni soyqırımı tarixinin köklərindən danışıb. O, qeyd edib ki, “ erməni soyqırımı” Ermənistanın xəstə təfəkküründən törəyən əsassız iddiadır. Y.Oğuz çıxışında Birinci Dünya müharibəsi ərəfəsində Türkiyənin Anadolu vilayətində yaşayan ermənilərin məhv edilmələri ilə bağlı irəli sürülən qondarma tarix barədə alimlərin araşdırmalarından nümunələr gətirib.
Yunis Əmrə İnstitutunun Bakı filialının müdiri Cihan Özdəmir türk xalqlarının tarixindən danışaraq türklərin tarix boyu düşmənə qarşı mübarizə əzmindən söz açıb. Türk xalqlarını öz tarixlərini unutmamağa səsləyən C.Özdəmir gələcəyin türklərə məxsus olacağını vurğulayıb.
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında XV-XVIII əsrlərdə ermənilərin Türkiyə ərzisindən Cənubi Qafqaza köçürülməsi faktına toxunaraq ermənilərə qarşı heç bir soyqırımı hadisəsinin baş vermədiyini deyib. Ə.Ələkbərli konfrans iştirakçılarını Azərbaycanın ərazi bütövlüyü ilə bağlı arxiv sənədlərini düzgün araşdırmağa və həqiqəti əcnəbi tarixçilərə təqdim etməyə çağırıb. O, araşdırmaların aparılması üçün department yaradılması təklifini irəli sürüb.
Azərbayan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın türk xalqlarının düşmənə qarşı mübarizədə iş, fikir və dil birliyinin önəmini qeyd edib. O, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, güclü bir dövlətə çevrildiyini, istər iqtisadi-siyasi baxımından, istərsə də təhsil baxımından bir çox dünya ölkələrini qabaqladığını vurğulayıb. “Bütün sahələrdə inkişafın yolu vətən sevgisindən keçir” deyən Camal Yangın gəncləri düşmənə qarşı informasiya müharibəsində ayıq olmağa səsləyib.
Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü, sosioloq Əhməd Qəşəmoğlu, tarixçi alim Telman Nüsrətoğlu, Əməkdar jurnalist Şəlalə Həsənova çıxışlarında qondarma erməni soyqırımının heç bir məntiqi əsası olmaması haqqında maraqlı fikirlər səsləndiriblər.

BSU-nun Mətbuat Xidməti


BSU-da “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib

BSU-da “Saxta erməni soyqırımı” mövzusunda konfrans keçirilib

Oxşar xəbərlər