Aprel ayında qaydaları pozan 48 abituriyent imtahandan xaric olunub

Aprel ayında qaydaları pozan 48 abituriyent imtahandan xaric olunub Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən Məleykə Abbaszadə DİM-in hər il müxtəlif istiqamətlər üzrə çoxlu sayda imtahanlar keçirdiyini qeyd edib. Diqqətə çatdırıb ki, bu imtahanlarda il ərzində 600 mindən artıq şəxs iştirak edir. Bütün imtahanlarda əsas məqsədlərdən biri də onların təlimata uyğun şəkildə təşkil olunması, hər kəsə bərabər imkan yaratmaqla iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılmasıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən kifayət qədər maliyyə vəsaiti sərf olunmaqla imtahan materiallarının, o cümlədən imtahan iştirakçılarının təhlükəsizliyinin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və beləliklə, onların hüquqları təmin olunur. Lakin imtahanlarda iştirakçıların hüquqları ilə yanaşı vəzifələri də var. Bu vəzifələrin ən başlıcası tələb olunan imtahan qaydalarına əməl olunmasıdır.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri deyib "Çox təəssüf ki, zaman-zaman bəzi abituriyentlər qaydaları pozmağa cəhd göstərirlər və onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur oluruq. Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur. Bütün bunlar DİM tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir.
Təbii ki, abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri ləğv olunur. Həmçinin, abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də DİM-in nəticələri ləğv etmək hüququ var.
Bildiyiniz kimi, 7, 14 və 21 aprel tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. İlkin məlumatlara əsasən, dünən keçirilən imtahanlarda da 17 nəfər tərəfindən qayda pozuntusu (5 – mobil telefon, 10 – sual kitabçalarının dəyişdirilməsi, 1 – çoxfunksiyalı elektron cihaz, 1 – başqasının yerinə imtahan binasına daxil olmağa cəhd ) halına rast gəlinib. Bu imtahanlardan sonra aparılan araşdırmalar nəticəsində kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repititorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub. Müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər. Ötən il ali təhsil müəssisələrinə qəbul zamanı imtahanda iştirak etməli olan abituriyentin yerinə başqa birinin göndərilməsini təşkil edən (hazırda həmin şəxslərə qarşı cinayət işi açılıb), bu il aprelin 7-də keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə sual kitabçasının fotoşəklinin ilk dəfə paylaşılması da hazırlıq kurslarının repititor əməkdaşları tərəfindən edilmişdir. Bu şəxslərin əsas məqsədi daha çox abituriyent kütləsi toplamaqla maddi qazanc əldə etmək olur və abituriyentlərin gələcək taleyi çox təəssüf ki, onları maraqlandırmır".
Qeyd olunub ki, hazırda nəticələri ləğv olunan abituriyentlər, onların valideynləri kömək göstərilməsi və abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət ediblər. Ancaq nəzərə almaq lazımdır ki, imtahan bir müsabiqədir və burada əsas məqsəd düzgün seçim etmək, daha bilikli şəxslərin müəyyən edilməsidir. Bir iştirakçıya güzəşt edilməsi, digər iştirakçıların hüquqlarının pozulması deməkdir. Ona görə də, müsabiqə iştirakçıları, valideynlər daha da diqqətli olmalı, məsələyə ciddi yanaşmalıdırlar. Qeyri-qanuni metodlara əl atmaq, onlardan istifadə etmək yolverilməzdir. Abituriyentlər və onların yaxınları yalnız biznes məqsədi ilə fəaliyyət göstərən kursların, müəyyən şəxslərin vədlərinə aldanmamalı, özlərinin sui istifadə olunmasına şərait yaratmamalıdırlar.

DİM-in Mətbuat Xidməti


Oxşar xəbərlər