Prezident İlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Braziliya Milli Konqresi Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini dedi. Prezident İlham Əliyev Braziliya nümayəndə heyətinin böyük tərkibdə Azərbaycana səfərindən məmnunluğunu bildirərək iqtisadi, sərmayə qoyuluşu, turizm, mədəniyyət, kənd təsərrüfatı, aviasiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.
Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Rodriqo Maya, öz növbəsində, qeyd etdi ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayır və parlamentlərarası əlaqələr xalqlarımızın bir-birini daha yaxşı tanımasına xidmət edir. Qonaq ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu dedi.
Söhbət zamanı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın önəmi qeyd olundu.

Tehsil-press.az

Oxşar xəbərlər