Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Tehsil-press.az xəbər verir ki, dövlətimizin başçısı Serbiyanın Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirdi. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu dedi. Ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək ölkəmizin və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını dedi. Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrimizin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını dedi. Hazırda dünyada terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığımızın gücləndirilməsi baxımından önəmini vurğuladı.

Tehsil-press.az

Oxşar xəbərlər