Səməd Seyidov: Azərbaycan Avropa ilə əlaqələri nə qədər genişləndirməyə səy göstərsə, bir o qədər bu prosesə əngəl törətmək istəyənlər olur

Səməd Seyidov: Azərbaycan Avropa ilə əlaqələri nə qədər genişləndirməyə səy göstərsə, bir o qədər bu prosesə əngəl törətmək istəyənlər olur Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Psixologiya Mərkəzində gənclər qarşısında Azərbaycan-Avropa münasibətləri haqqında mühazirə ilə çıxış edib.
S.Seyidov Avropanın tarixi, Avropadakı mövcud vəziyyət, Azərbaycan-Avropa münasibətləri haqqında danışıb.
Azərbaycan-Avropa münasibətlərinə toxunan S.Seyidov bildirib ki, bu gün Avropa İttifaqının (Aİ) Azərbaycanla, Azərbaycanın isə Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa ehtiyacı var:
“Biz Avropa ilə münasibətlərimizi yüksək səviyyədə qurmalıyıq və qururuq da. Biz Aİ ilə münasibətləri 1996-cı ildə imzalanmş və 1999-cu ildə qüvvəyə minən sənəd əsasında qurmuşuq. Lakin artıq Azərbaycan güclənib, beynəlxalq səviyyədə nüfuzu xeyli artıb və Aİ ilə münasibətlərə yeni sənədin hazırlanması prosesi gedir”.
S.Seyidov bildirib ki, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı proqramında xüsusi yer tutur. Azərbaycanla əlaqələrdə bir özəllik var. Çünki Aİ Azərbaycan vasitəsilə Orta Asiyaya çıxış imkanı əldə edir. Biz deməməliyik ki, Azərbaycan Avropaya yaxınlaşır. Aİ də istəyir ki Azərbaycanla münasibətləri yaxşı səviyyədə təkil etsin və Mərkəzi Asiyaya çıxa bilsin. Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində ciddi işlər aparılır. Sənədin nə vaxt imzalanacağı bəlli olmasa da tam razılaşdırılması, ratifikasiya olunması və qüvvəyə minməsi uzun bir prosesdir”.
S.Seyidov vurğulayıb ki, təəssüflər olsun ki, Azərbaycan Aİ ilə əlaqələrin nə qədər genişləndirilməsinə səy göstərsə, bir o qədər də bu prosesə hansısa əngəllər, çətinliklər törətmək istəyənlər olur:
“Hər bir halda biz bundan xəbərdarıq və bəzən Azərbaycana qarşı münasibət daha kəskin formada olur. AŞPA-nın sonuncu iclası da göstərir ki Azərbaycana qarşı qeyri-obyektiv məsələləri gündəmə gətirmək cəhdləri mövcuddur. Ancaq biz bunu bilirik. Azərbaycan-Avropa münasibətləri strateji xarakter daşıyır və hər iki tərəf bu strateji münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni etməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər