Əcnəbi tələbələr niyə Almaniyanı seçir?

Əcnəbi tələbələr niyə Almaniyanı seçir? Almaniyanın "Bild" qəzetinin məlumatına əsasən, heç bir ingilisdilli ölkə əcnəbi tələbələr arasında Almaniya qədər populyar deyil.
"Açıq elm -2019" adlı son tədqiqatın nəticələrinə əsasən Almaniya əcnəbi tələbələrin qəbuluna görə ABŞ, Böyük Britaniya və Avstraliyadan sonra dördüncü yerdədir. Bununla da Almaniya əcnəbi tələbələri qəbul edən ölkələr siyahısında hətta Fransanı da ötüb. Alman qəzeti yazır ki, 2017-ci ilin oktyabrında Almaniya ali məktəblərində 282 min əcnəbi tələbə təhsil almağa başlayıb.
Ölkənin təhsil və elmi tədqiqatlar naziri Anya Karliçekin sözlərinə görə, Almaniya beynəlxalq səhnədə tələbələr üçün daha cəlbedici olmaqdadır. "Biz bununla fəxr edə bilərik və bu (tədqiqatın nəticələri) bizi ona vadar etməlidir ki, ali təhsil xidmətləri sahəsində daha yaxşı olaq", -deyə nazir bildirib.
Bundan başqa, "Bild" əlavə edir ki, Elm və Ali Təhsil sahəsində Tədqiqatlar üzrə Alman Mərkəzinin (DZHW) məlumatına əsasən son 10 il ərzində Almaniyanın ali məktəblərində xarici alimlərin də sayı demək olar ki, iki dəfə artıb.
Almaniya ali məktəblərində ən çox Çindən (37 min), Hindistandan (17.3 min), Avstriyadan (11.1), Rusiya Federasiyasından (10.8 min), İtaliyadan (8.9 min) və Suriyadan (8.6 min) olan tələbələr üstünlük təşkil edir.
Tədqiqatda həmçinin göstərilir ki, əcnəbi tələbələrin 80%-dən çoxu öz dost və tanışlarına Almaniyada təhsil almağı tövsiyə edirlər.
Qəzetin məlumatına əsasən, alman ali təhsil müəssisələrinin xeyrinə seçim edən əcnəbilər təkcə Almaniyada təhsilin yüksək keyfiyyətini əldə rəhbər tutmur, həm də maliyyə məsələlərini də nəzərə alırlar.
"Anqlo-sakson ölkələrinin ali məktəblərindən fərqli olaraq alman universitetlərində təhsil pulsuzdur, yaşayış xərcləri də kifayət qədər aşağıdır", -deyə "Bild" yazır.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər