Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur təşkil edilib

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur təşkil edilib Oktyabrın 29-da istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib.
Mediaturun məqsədi ümumi təhsil müəssisəsində təşkil edilən xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub.
Mediatur zamanı məlumat verilib ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı, Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəbdə olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb. 2019-2020-ci tədris ilində xüsusi istedad sinifləri şəbəkəsi genişləndirilib, 47 rayonda 83 məktəb üzrə 102 xüsusi sinif yaradılıb.
Respublika üzrə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı, 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4 minə yaxın şagird həmin siniflərdə təhsillərini davam etdirir.
Daha sonra media nümayəndələri 220 nömrəli məktəb-liseydə fəaliyyət göstərən riyaziyyat-informatika təmayüllü xüsusi sinifdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar.
Jurnalistlərin nəzərinə çatdırılıb ki, bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb. Fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər. Bununla yanaşı, sinif komplektləşdirilməsində həmin şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan keçirilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb olunublar.
Qeyd edək ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir.
Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.
Sonda mediatur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər