İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib

İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib 2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.
Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.
Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcək.
Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialının inkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəb olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılıb.

Tehsil-pres.az


Oxşar xəbərlər