GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİB Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan 1-ci kurs tələbələri ilə görüşüb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ilk öncə Gəncə Dövlət Universitetinin fəaliyyət tarixini əks etdirən video çarx nümayiş etdirilib.
Daha sonra rektor professor Yusif Yusibov çıxışında bildirib ki, bu gün Gəncə Dövlət Universiteti özünün ən yüksək inkişaf dövrünü yaşayır. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğı göstərib. Bu gün isə Prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Təhsil nazirliyi tərəfindən həyata keçirilən islahatlar isə təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərir.
Rektor qeyd edib ki, Ölkə Başçısı tərəfindən milli təhsilin dünya təhsili səviyyəsinə yüksəldilməsi üçün bir sıra islahatlar həyata keçirilib, bu sahənin hərtərfli inkişafına böyük məbləğdə vəsait ayrılıb. Ölkədə 3200-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.Əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları diqqətə çatdıran rektor Yusif Yusibov bildirib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərini də qeyd etməliyik.
Hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”
Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb.
Azərbaycanın bugünkü inkişafı, çiçəklənməsi, qüdrətlənməsi, müasir məmləkətə çevrilməsi Heydər Əliyev siyasətinin həyata keçirilməsinin bilavasitə nəticəsidir. Həm Heydər Əliyev siyasətinin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dayanır. Bütün əldə edilən uğurlar yalnız bir məqsədə - Azərbaycan vətəndaşının həyatını daha da yaxşılaşdırmağa xidmət edir. Ölkə başçısının son illər gənclər siyasətində əhəmiyyətli islahatları təhsil prosesində də özünü göstərir. Dövlətimiz tərəfindən tələbələrin təqaüdləri artırılır, dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir.
Gənclər siyasətindən danışan Yusif Yusibov deyib: “Biz gənclərə böyük inam və ümidlərlə yanaşırıq. Hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Gənclər Azərbaycanda əhalinin tərkibində önəmli hissəni təşkil edir. Ona görə də gənclərlə bağlı siyasət gənclərin potensialının daha da artırılmasından, ölkənin inkişafı naminə bu potensialdan səmərəli istifadə edilməsindən ibarətdir. Azərbaycan gəncləri dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən bağlı olan gənclərdir".
Rektor Yusif Yusibov gənclərə Azərbaycanın daha da qüdrətlənməsi, tərəqqisi və inkişafı yolunda mübariz olmağı arzulayıb. Tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, onlara tələbə həmkarlar və gənclər təşkilatları ilə sıx, işgüzar əlaqələr qurmağı tövsiyə edib.
Daha sonra İnnovasiyalar Deportamentinin direktoru Vasif Həsənov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev Departament haqqında çıxışlarında bildiriblər ki, Gəncə Dövlət Universitetində innovasiya fəaliyyətinin effektiv mexanizminin qurulması istiqamətində dünya təcrübəsi öyrənilir, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılır. Rektorun müvafiq əmri ilə İnnovasiyalar Departamentinin yaradılması elmi ictimaiyyətdə çox önəmli bir strateji missiya kimi qəbul edilir. Departament iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaq məqsədini daşıyır.
Sonda rektor professor Yusif Yusibov tələbələrin təkliflərini dinləyib və onları maraqlandıran sualları cavablandırıb.

GDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər