Doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının açılış mərasimi keçirilib

Doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının açılış mərasimi keçirilib Dekabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova mərasimi giriş sözü ilə açaraq elmi konfransın əhəmiyyətinə toxunub. Rektor konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib.
Gənc tədqiqatçıların konfransı həmişə böyük maraq doğurur. Çünki biz bu konfranslarda elmimizə gələn yeni nəsli görürük, onların nümayiş etdirdiyi potensiala, səsləndirdikləri yeni fikirlərə və ideyalara sevinirik. Bu konfransda ilk elmi nəticələri ilə çıxış edəcək gənc tədqiqatçıların sırasında, əminəm ki, gələcəkdə Azərbaycan elminin aparıcı qüvvəsini təşkil edəcək alimlər formalaşacaq.
Prezident İlham Əliyev tərəfindən gəncliyə böyük diqqət və qayğının olduğunu vurğulayan rektor əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, özlərini cəmiyyətdə təsdiqləmələri üçün onlara geniş imkanlar açıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının əhəmiyyətini vurğulayan rektor deyib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib.
Gülçöhrə Məmmədova diqqətə çatdırıb ki, təbii resursların insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən siyasət təhsil sisteminin bütün pillələrini yeniləşməsinə və inkişafına təkan verir. Gənclərin potensialının güclənməsinə, yeni təfəkkürlü intellektual təbəqənin formalaşmasına əsas yaradıb.
Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində son illər ərzində Strategiyanın qarşıya qoyduğu hədəflərə çatmaq görülən işlərdən də bəhs edib.
Bildirib ki, universitet ölkəmizin memarlıq və inşaat elminin mərkəzidir. Bu sahədə fəaliyyət göstərən alimlərin 80 faizi məhz AzMİU-da çalışır. Onlar memarlıq və şəhərsalma, inşaat konstruksiyaları, materialşünaslıq, ekologiya, informasiya texnologiyaları, bərk cismlər mexanikası və bir çox başqa elm sahələrində doktorantura təhsilinə rəhbərlik edir, gənc alimlər yetişdirirlər. Universitetin nəzdində fəaliyyət göstərən 6 elmi-tədqiqat laboratoriyası gənc alimlərin tədqiqatları üçün yaxşı baza yaradır.
“İnanıram ki, bu konfransda iştirak edən təqdiqatçılarımızın məruzələri maraq doğuracaq”, - deyə Gülçöhrə Məmmədova qeyd edib.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb. Təhsil naziri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, eləcə də digər istiqamətlərdə tədbirlər həyata keçiriləcəyini qeyd edib.
Nazir elmi-pedaqoji kadr hazırlığı ilə bağlı bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ceyhun Bayramov bildirib ki, cari ildə “Web of Science” indeksli elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır. Nazir əlavə edib ki, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasıdır.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, bu gün dünyada bir sıra risklər mövcuddur. Təbii resursların azalması, iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, əlbəttə ki, Azərbaycanı narahat edən problemlərdəndir. Həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün isə ölkələr qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüsləri artırıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlayıblar. Yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə bir şəraitdə Azərbaycanda da elmin prioritet istiqamətlərinə yenidən baxılmalı, istiqamətlər müəyyənləşdirilərkən qlobal çağırışlar, dünyada elmin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi inkişaf perspektivləri əsas götürülməli, tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsi ön plana çəkilməlidir.
Nazir vurğulayıb ki, tədqiqat sahəsində beynəlmilləşmə ən vacib tendensiyalardandır. Bir çox şirkətlər özlərinin tədqiqat və layihələndirmə bölmələrini inkişaf etməkdə olan ölkələrə köçürür. 1975-ci il ilə müqayisədə 2013-cü ildə beynəlxalq (əcnəbi) tələbələrin sayı 800 mindən 4,1 milyona qədər artıb. Doktorantura sahəsində də ciddi beynəlxalq rəqabət mövcuddur, mühəndislik və təbiət elmləri sahəsində təhsil alan əcnəbi tələbələrin təxminən 89 faizi 10 ölkənin payına düşür. Azərbaycanda aparılan elmi-tədqiqatlar da bu tendensiyalara uyğunlaşdırılmalıdır.
Ceyhun Bayramov çıxışının sonunda elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı platforma statusu qazanmış konfransın yeni nəsil alimlərin yetişməsinə öz mühüm töhfəsini verməkdə olduğunu diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxışında son illərdə Təhsil Nazirliyi ilə AMEA arasındakı uğurlu əməkdaşlıqdan bəhs edib. Qeyd edib ki, belə konfranslar ölkənin gənc alim və tədqiqatçılarının bir araya gəlməsi, fikir mübadiləsi aparması üçün platformadır.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev vurğulayıb ki, 15 bölmədən ibarət olan konfransın 11 bölməsində rəhbərlik etdiyi ali təhsil müəssisəsinin doktorant və gənc tədqiqatçıları çıxış edəcəklər. Konfransın proqramına daxil edilən məruzələrin 103-nün müəllifi Bakı Dövlət Universitetinin doktorant və gənc tədqiqatçılarıdır.
Xatırladaq ki, konfransda 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək.
Konfrans 2 gün davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər