Təhsil Nazirliyi: ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır

Təhsil Nazirliyi: ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır Təhsil Nazirliyində PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev mətbuat konfransında PISA proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, PISA qiymətləndirməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir. PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PİSA tədqiqatında 80-dən artıq ölkə iştirak edir.
Bildirilib ki, Azərbaycanı 2018-ci ildə PISA tədqiqatında Bakı şəhərindəki 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib.
Daha sonra “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi əsas hədəflərdəndir.
Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır. Beynəlxalq ikili diplom proqramlarının ölkəmizin inkişaf prioritetlərinə uyğun sahələr (kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər) üzrə həyata keçirilməsi nəzərdə tutulur.
Mətbuat konfransında, həmçinin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları media nümayəndələrinin nəzərinə çatdırılıb, proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər