PISA-nın növbəti tədqiqatına hazırlıq başlayıb

PISA-nın növbəti tədqiqatına hazırlıq başlayıb Şagird düşüncəsinin kreativliyi qiymətləndiriləcək
PISA-nın İdarə Şurasının Praqada keçirilən sayca 46-cı toplantısında 2021-ci ildə reallaşdırılacaq tədqiqatın növbəti 8-ci mərhələsinin konsepsiyası müzakirə olunub. Məlumata əsasən, 2021-ci ildə PISA təşkilatçıları 15 yaşlı məktəblilərin riyazi savadlılığına diqqət ayıracaqlar. İlk dəfə olaraq təhsilalanların düşüncəsinin kreativliyi tədqiq olunacaq. Artıq növbəti tədqiqata hazırlıq işlərinə başlanılıb.
Xatırladaq ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) himayəsi altında reallaşdırılan təhsilalanların tədris nailiyyətlərinin qiymətləndirilməsi üzrə ən böyük beynəlxalq proqramdır. Tədqiqat bütün dünyada 15 yaşlı məktəblilər arasında mərhələlərlə üç ildə bir dəfə keçirilir: onların riyazi və təbiət elmləri üzrə, eləcə də oxu savadı yoxlanılır. 2015-ci ildən PISA-ya qoşulan ölkələr öz istəklərinə uyğun olaraq əlavə istiqamətlər reallaşdıra bilərlər, tədqiqata maliyyə savadının öyrənilməsi də daxil edilib. 2021-ci ildən isə yaradıcı düşüncənin tədqiqatı yeni əlavə istiqaməti olacaq. OECD katibliyi 2024-cü ildən PISA çərçivəsində 15 yaşlıların xarici dili mənimsəmə qabiliyyətini də tədqiq etməyi təklif edib.
Qeyd edək ki, PISA tədqiqatının son mərhələsi 2018-ci ildə keçirilib, əsas diqqət oxuma sahəsində funksional savadlılığın qiymətləndirilməsinə və son illər ərzində dünyada oxuma savadlılığının inkişafındakı tendensiyaların üzə çıxarılmasına ayrılıb. Tədqiqatda dünyanın 80 ölkəsi iştirak edib. “PISA-2018” tədqiqatının nəticələri 2019-cu il dekabrın 3-də rəsmən elan ediləcək.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər